MƏDƏNİYYƏT
Azərbaycan Konqreslər Bürosu “Vişeqrad görüşləri”ində iştirak edib
Bakı, 23 noyabr, AZƏRTAC
Dövlət və özəl sektorun əməkdaşlığı əsasında Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu ilk dəfə olaraq “Vişeqrad görüşləri” tədbirində iştirak edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş Şərq tərəfdaşlığının Vişeqrad layihəsi çərçivəsində həyata keçirilən tədbirlər silsiləsindəndir. Slovakiyanın Bratislava şəhərində təşkil olunan bu tədbirdə Azərbaycan Konqreslər Bürosunu icraçı direktor Florian Senqstşmid və beynəlxalq satış və marketinq üzrə menecer Ayan Zeynalova təmsil edib. Tədbir zamanı büronun nümayəndə heyəti Azərbaycanı iştirakçılara inkişaf edən görüş məkanı kimi tanıdıb və burada görüşlər sənayesi sahəsində görülən işlər, həmçinin baş tutan və keçirilməsi planlaşdırılan beynəlxalq əhəmiyyətli tədbirlər barədə məlumat verib.
Tədbir çərçivəsində Şərq tərəfdaşlığına daxil olan Mərkəzi Avropa ölkələri (Macarıstan, Çexiya, Polşa və Slovakiya) ilə yanaşı, xüsusi qonaq qismində dəvət olunan Ukrayna və Azərbaycan nümayəndələri tərəfindən “IBTM World” beynəlxalq işgüzar turizm sərgisində iştirak edən beynəlxalq alıcılar üçün təqdimatlar təşkil edilib.