MƏDƏNİYYƏT
Azərbaycan Konqreslər Bürosu Yaxın Şərq və Hindistan bazarını öyrənir
Bakı, 3 may, AZƏRTAC
Əsas məqsədi Azərbaycana beynəlxalq sərmayələrin cəlb olunması və ölkəmizin biznes turizminin təbliği olan Azərbaycan Konqreslər Bürosu öz üzvləri üçün bazarı öyrənmək məqsədilə mayın 3-də seminar təşkil edib. Dövlət və özəl sektorun əməkdaşlığı əsasında yaradılan və Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Büronun bu tədbiri təşkil etməkdə əsas məqsədi ölkəmizin və onun turizm potensialının tanıdılması vasitəsilə buraya daha çox investisiyanı cəlb etməkdir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Yaxın Şərq və Hindistan bazarına həsr olunan “Middle East Market Insights” tədbirində beynəlxalq ekspert Vassilis Theocharides, “Qatar Airways” Azərbaycan nümayəndəliyinin üzvü və Büronun satış və marketinq üzrə meneceri Anar Nərimanov öz bilik və təcrübələrini bölüşüblər.
Tədbirdə, həmçinin həmin bazardan olan alıcıların xüsusiyyətləri, imkanları və bir çox digər aspektlər müzakirə olunub. Seminarda iştirak edən Büro üzvləri də bu bazarla çalışdıqları zaman qazandıqları təcrübəni iştirakçılarla paylaşıb.
Qeyd edək ki, Yaxın Şərq və Hindistan bazarı Azərbaycan üçün potensial bazarlar sayıldığına görə onları öyrənmək vacibdir. Bazarın tədqiqi və əldə olunan məlumat ölkəmizə daha çox turist və iş adamları cəlb etmək baxımından əhəmiyyətlidir.