MƏDƏNİYYƏT
Azərbaycan Konqreslər Bürosu beynəlxalq nüfuzlu tədbirdə uğurla iştirak edib
Bakı, 25 noyabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə yaradılan Azərbaycan Konqreslər Bürosu (AKB) “EİBTM 2014” beynəlxalq turizm sərgisində uğurla iştirak edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu nüfuzlu tədbirdə AKB ölkəmizin turizm bazarı iştirakçıları və mehmanxanaları haqqında məlumatı əhatə edən stendlə təmsil olunub. Həmçinin büronun üzvü olan otellər və ölkəmizin peşəkar turizm agentlikləri də sərgidə iştirak edib.
Sərgi iştirakçıları yeni təyinat məkanı kimi xüsusi diqqət cəlb edən Azərbaycanın stendinə böyük maraq göstərib. Azərbaycanın İspaniya Krallığındakı səfiri Altay Əfəndiyev də büronun stendi ilə tanış olub.
Tədbir çərçivəsində mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə, Rusiya, Avstriya və Almaniyadan olan aparıcı turizm bazarı iştirakçıları və media nümayəndələri ilə görüşlər keçirib. Tərəflər turizm sahəsindəki yeniliklər barədə fikir mübadiləsi aparıb və eyni zamanda Azərbaycanda bu sahənin inkişafına yönəldilən səylər barədə danışıb.
Üçgünlük sərgidə Azərbaycan Konqreslər Bürosu və onun üzvləri müxtəlif ölkələri təmsil edən alıcılarla 300-dən çox görüş keçirib.
Hər il 3000-dən çox turizm bazarı iştirakçısını və 15000-dək mütəxəssisi bir araya gətirən EİBTM öz fəaliyyətinə 1988-ci ildə Cenevrədə başlayıb.
EİBTM turizm sənayesinin aparıcı qüvvələrini bir araya gətirir və turizm sahəsindəki ən son trendləri, məhsulları, xidmətləri yaxından izləməyə imkan verir.