MƏDƏNİYYƏT
Azərbaycan Konqreslər Bürosu cari ilin ilk təlimini uğurla təşkil edib
Bakı, 13 mart, AZƏRTAC
Azərbaycanın turizm sahəsinin inkişafı və ölkəmizdə işgüzar turizmin təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu cari il üçün nəzərdə tutulan təlimlərdən ilkini təşkil edib.
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılan büro 2015-ci il Təlimlər Planına əsasən qurumun üzvlüyündə olan mehmanxana, turizm agentlikləri və məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlər üçün nəzərdə tutulan ilk təlimini təşkil edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Assosiasiya Görüşlərinin uğurlu təşkili üzrə keçirilən təlimi xüsusi dəvət edilmiş ekspert Valentini Amarantidou aparıb və təlimdə 30-dan artıq insan iştirak edib.
Təlimin əsas mövzusu Assosiasiya Görüşlərinin mahiyyətini və bu görüşlərin təşkili üçün vacib şərtləri öyrənmək və belə görüşlərin ölkəmizdə keçirilməsini təmin etmək üçün hansı addımların atılmalı olduğunu aydınlaşdırmaqdan ibarət olub.
Daha sonra təlim iştirakçıları təkliflərin hazırlanması, təklifin təqdim olunması prosesi və idarəsi barədə məlumatlandırılıblar. Həqiqi nümunələrə əsaslanan təcrübələr haqqında məlumat da təlim zamanı öz əksini tapıb. Tədbirin sonunda iştirakçılar arasında müzakirələr aparılıb.
Növbəti təlim isə məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlərin peşəkarlığının artırılması üzrə aprelin 7-də digər xarici ekspertlərin iştirakı ilə təşkil olunacaq. Bu növ təlimlər şirkət üzvlərinin peşəkarlığını və biliyini artırmaq üçün çox faydalıdır.