MƏDƏNİYYƏT
Azərbaycan Konqreslər Bürosu növbəti təlimini təşkil edib
Bakı, 30 iyun, AZƏRTAC
Ölkəmizin turizm bazarının aparıcı iştirakçılarını bir araya gətirən Azərbaycan Konqreslər Bürosu (AKB) cari il üçün nəzərdə tutulan təlimlərdən daha birini müvəffəqiyyətlə həyata keçirib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səyahət təşviqi təcrübəsinin qazanılmasına həsr olunan növbəti təlim “JW Marriott Absheron Hotel Baku” mehmanxanasında baş tutub.
AKB tərəfindən keçirilən təlimlərdə yenidən səyahət təşviqi sahəsinə toxunulmasının əsas məqsədi ölkəmiz üçün xüsusi həvəsləndirici səyahət ideya və planlarının işlənib hazırlanmasıdır.
AKB-nin icraçı direktoru Florian Sengstschmid tərəfindən keçirilən tədbirdə büro üzvlüyündə olan bir sıra aparıcı turizm şirkətlərinin peşəkar nümayəndələri bu sahənin əsasları və incəlikləri barədə məlumat əldə ediblər.
İki hissədən ibarət olan tədbirdə iştirakçılar ilk olaraq nəzəri icmalı öyrənməklə qabaqcıl təcrübə mübadiləsi aparıb. Daha sonra isə iştirakçılar kiçik qruplara ayrılaraq yeni həvəsləndirici ideyalar və seçilən məkanın təşviqi üzərində işləyib.
Dövlət və özəl sektorun əməkdaşlığı əsasında yaradılan və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən büronun təlimlərin təşkilində əsas məqsədi Azərbaycanın turizm potensialının tanınması və ölkənin tanıdılması vasitəsilə daha çox beynəlxalq sərmayələrin cəlb olunmasıdır.