İQTİSADİYYAT
Azərbaycan Konqreslər Bürosu ölkəmizə daha bir biznes imkanı qazandırıb
Bakı, 17 iyul (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu 2014-cü il üçün fəaliyyət planındakı hədəfləri yerinə yetirməkdə davam edir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, büronun hədəf bazarlarını müəyyən edən fəaliyyət planında birinci yerdə Rusiya Federasiyası və MDB ölkələri durur. Öz növbəsində bu ölkələr Azərbaycanın biznes turizm sahəsindəki geniş imkanlarının öyrənilməsinə böyük maraq göstərirlər.
Bu səbəblə büro cari ilin iyulunda Rusiyanın MİCE (biznes turizm) bazarı iştirakçıları üçün tanışlıq səfəri təşkil edib. Səfərin məqsədi Azərbaycanı tanıtmaq və ölkəni beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim etmək olub. Səfər artıq öz nəticələrini verir. Belə ki, səfərdən sonra Rusiyanın MİCE bazarının iştirakçıları tərəfindən büroya təqdim olunan təkliflərin sayı getdikcə artır.
Yüksək peşəkarlıqla hazırlanan bu təkliflərdən biri Rusiya bazarında müsbət qarşılanıb. Rusiyanın MİCE agentliyi büronun tərəfdaşı ilə apardığı danışıqlardan və edilən təklifin dəyərləndirilməsindən sonra daha bir tədbirin tezliklə Bakıda keçirilməsinə qərar verib.