MƏDƏNİYYƏT
Azərbaycan Konqreslər Bürosu ölkəmizi Dünya Turizm Forumunda təmsil edib
Bakı, 1 may, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılmış Azərbaycan Konqreslər Bürosu Türkiyədə keçirilən Dünya Turizm Forumunda ölkəmizi təmsil edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İstanbulda təşkil edilən forum turizm sahəsində ən son yenilikləri müəyyənləşdirib.
Azərbaycan Konqreslər Bürosunun direktoru Florian Senqstşmid tədbirdə “Azərbaycanın inkişaf etməkdə olan məkan kimi marketinq təcrübəsi” mövzusunda məruzə edib, təmsil etdiyi qurumun fəaliyyəti və qazandığı təcrübə barədə məlumat verib.
Dünya Turizm Forumunda “2030-cu ildə turizm”, “Online turizm-səyahətin gələcəyi”, “Məkan marketinqi” və “Turizmin iqtisadi təsiri və nəticələri” mövzularında müzakirələr aparılıb. Forum çərçivəsində, həmçinin nazirlərin görüşü keçirilib.
Bu beynəlxalq əhəmiyyətli tədbirin əsas məqsədi Dünya Turizm Forumunun gələcəyə baxışını regional ekspertlərlə paylaşmaq, yeni nəsil istehlakçı modellərini təqdim etmək, turizm sahəsindəki yeni texnoloji meyilləri və beynəlxalq marketinq təcrübəsini yerli şirkətlərlə bölüşməkdir.
Rusiya, türkdilli dövlətlər, Körfəz ölkələri və Avropa regionunun turizm şirkətlərini və dünya turizm sektorunun rəsmilərini bir araya gətirən forumda müvafiq sahənin iqtisadi, siyasi və yeni inkişaf meyilləri müzakirə olunub və gələcək istiqamətləri təyin edilib.