MƏDƏNİYYƏT
Azərbaycan Konqreslər Bürosu yeni mobil proqram təminatını təqdim edib
Bakı, 23 iyul, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan Azərbaycan Konqreslər Bürosu yeni mobil proqram təminatını təqdim edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, mobil proqram təminatı Büronun yardımçı üzvlərindən olan “EventPlatform” tərəfindən hazırlanıb.
Yeni mobil proqram istifadəçilərə ölkəmizin turizm sahəsi, xüsusən də görüş məkanları, mehmanxanalar və məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlər və onların xidmətləri haqqında məlumatları asanlıqla əldə etməyə imkan verir. Proqram məlumatları “Azərbaycan haqqında”, “Görüşlər Sənayesi Təchizatçıları”, “Bağlılıq”, “AzCB Dəstək Xidməti”, “İstinadlar” və “Bizimlə əlaqə” olmaqla, 6 kateqoriyada təqdim edir.
Yüksək standartlara cavab verən və tam rahat istifadəyə imkan yaradan bu mobil proqramla, həmçinin ölkəmizin müxtəlif guşələrinin fotoları ilə tanış olmaq da mümkündür.
Mobil proqramın yüksək funksionallığını təmin edən xüsusiyyətlərdən biri də “Bizimlə əlaqə” interaktiv funksiyasıdır. Bu funksiya vasitəsilə Büroya real vaxt rejimində təklif üçün sorğular göndərmək olar.
Mobil proqram sistemi İOS və ya Android tərəfindən dəstəklənən cihazlara yüklənə bilər. Bunun üçün “App Store” və “Google Play”də “Azerbaijan Meeting Planners” proqramını tapmaq və yükləmək lazımdır.
Qeyd edək ki, proqramı hazırlayan “Event Platform” korporativ tədbirlər üçün maraqlı və səmərəli texnologiyalar işləyir. Şirkətin məhsulları konfrans, forum, təlim proqramları və s. tədbirlərin daha effektiv təşkil olunmasında böyük rol oynayır. “EventPlatform” texnologiyaları dünyanın 40-a yaxın ölkəsində 600-dən çox tədbirdə istifadə olunub.