MƏDƏNİYYƏT
Azərbaycan Konqreslər Bürosun qısa vaxtda böyük uğurlara imza atıb
Bakı, 23 dekabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun (AKB) hazırda 14 üzvü vardır (brend mehmanxanaları, turizm şirkətləri və s.).
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cari il ərzində AKB rəsmi veb səhifəsini (www.azcb.com) və loqosunu yaradıb, işgüzar turizm sahəsi üzrə ixtisaslaşmış İMEX və EİBTM sərgilərində iştirak edərək bir neçə tədbirin Azərbaycana cəlb olunmasına nail olub.
Bununla yanaşı, büro öz üzvləri üçün işgüzar (MİCE) turizmin xüsusiyyətlərinə həsr olunmuş müvafiq treninqlər, infoturlar təşkil edib. İnfoturlar zamanı təşkil olunmuş seminarlar çərçivəsində xarici qonaqlar və qurumun üzvləri arasında təkbətək görüşlər keçirilib və müvafiq biznes əlaqələri qurulub.
2014-cü ildə Azərbaycan Konqreslər Bürosu tərəfindən 5 MİCE tədbiri ölkəmizə cəlb olunub. Bununla yanaşı, irimiqyaslı MİCE tədbirlərinin ölkəmizə cəlb edilməsi məqsədilə müvafiq beynəlxalq tender müsabiqələrində iştirak nəzərdə tutulub.
2015-ci ildə 2 mehmanxana və 5 müxtəlif şirkətin Azərbaycan Konqreslər Bürosuna qoşulma niyyətlərinin olması büronun müvəffəqiyyətli fəaliyyətinin nəticəsidir. Qeyd edək ki, Azərbaycan Konqreslər Bürosu ölkəmizin Beynəlxalq Görüşlər Assosiasiyasındakı yerini möhkəmlətmək və növbəti beş il ərzində ölkənin ən azı ildə 20 beynəlxalq konqresə ev sahibliyi etməsini hədəfləyib.
Qeyd edirik ki, ötən ildən etibarən fəaliyyət göstərən AKB-nin əsas məqsədi ölkəmizə biznes tədbirlərinin cəlb edilməsi vasitəsilə Azərbaycanda işgüzar (MİCE) turizmin inkişaf etdirilməsidir.