MƏDƏNİYYƏT
Azərbaycan Konqreslər Bürosunun əsas hədəflərindən biri Azərbaycan Görüşlər İttifaqı yaratmaq və inkişaf etdirməkdir
Bakı, 6 iyul, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə yaradılan Azərbaycan Konqreslər Bürosu (AKB) iyulun 6-da "Bulvar Hotel"də mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən tədbirin əsas məqsədi media nümayəndələrini büronun fəaliyyəti ilə yaxından tanış etmək, qurum ilə Görüşlər Sənayesinin əməkdaşlığının mahiyyəti və nəticələri barədə məlumatlandırmaq və ümumilikdə büronun fəaliyyətlərinin ölkəmiz üçün nə kimi rol oynadığını diqqətə çatdırmaqdır.
Mətbuat konfransında Azərbaycan Konqreslər Bürosunun icraçı direktoru Florian Senqstşmid qurumun fəaliyyəti və məqsədi barədə məlumat verib. İcraçı direktorun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılan Konqreslər Bürosu dövlət və özəl sektorun birgə layihəsidir. Azərbaycanda turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə yaradılan qurum 2013-cü ildən fəaliyyət göstərir. Büronun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, ölkənin beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim olunması, beynəlxalq tədbirlərdə iştirak və digər biznes əhəmiyyətli işlər daxildir.
Azərbaycanın bu günlərdə çox yüksək səviyyəli bir tədbirə – birinci Avropa Oyunlarına ev sahibliyi etməsindən danışan natiq bu tədbirin qüsursuz, dünya ölkələrinə örnək ola biləcək səviyyədə təşkilinə görə konfrans iştirakçılarını təbrik edib.
Florian Senqstşmid Azərbaycan Konqreslər Bürosunun fəaliyyəti və əldə etdiyi uğurlar barədə danışaraq qeyd edib ki, AKB Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının (İCCA) turizm sahəsi üzrə tərtib olunan reytinqinə daxil olub: "İCCA-nın beynəlxalq assosiasiya görüşləri üzrə reytinqi hər il dərc olunur. Bu reytinqə daxil olmaq üçün ölkədə görüşlər müntəzəm olaraq keçirilməlidir və ən azı üç ölkədən 50 nümayəndə iştirak etməlidir. Məhz bu kriteriyalar nəzərə alınmaqla, Azərbaycan İCCA-nın dünya ölkələrinin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və görüşlər assosiasiyasının iclaslarının keçirilməsi üzrə hazırlanan 2014-cü il üzrə reytinqində 79-cu yeri tutub. Ötən ilin müvafiq göstəriciləri üzrə tərtib olunan reytinqdə 100 ölkə arasında Azərbaycanın birinci dəfədən belə bir yüksək qiymət alması böyük bir uğurdur. Region ölkələri arasında lider olan Azərbaycan sözügedən reytinqdə Gürcüstan, Qazaxıstan, Ukrayna və Ermənistan kimi ölkələri geridə qoyub. Onu da bildirim ki, Azərbaycan Konqreslər Bürosu İCCA-nın üzvləri sırasına 2014-cü ildə qoşulub. Reytinqə ABŞ, Almaniya və İspaniya başçılıq edir. Şəhərlər üzrə reytinqdə paytaxt Bakı Kann, Luzern, Verona, Tbilisi, Təl-Əviv, Baltimor, Bonn və Lids kimi şəhərləri qabaqlayıb".
Florian Senqstşmid vurğulayıb ki, Azərbaycan Konqreslər Bürosunun əsas hədəflərindən biri yüksək peşəkarlığı və rəqabətə davamlılığı ilə seçilən Azərbaycan Görüşlər İttifaqı yaratmaq və inkişaf etdirməkdir.
Azərbaycan Konqreslər Bürosunun satış və marketinq üzrə menecerləri Anar Nərimanov Azərbaycanda Görüşlər Sənayesinin təşkilindən, Ayan Zeynalova isə ölkəmizdə keçiriləcək assosiasiya görüşlərindən və onların əhəmiyyətindən danışıblar.
Sonda Florian Senqstşmid jurnalistləri maraqlandıran sualları cavablandırıb.