ELM VƏ TƏHSİL
Azərbaycan Kooperasiya Universiteti məzunlarını yola saldı
Bakı, 4 iyul, AZƏRTAC
İyulun 4-də Azərbaycan Kooperasiya Universitetində “məzun günü” keçirilib. Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Tədbirdə çıxış edən universitetinin tədris işləri üzrə prorektoru Fikrət Quliyev ali təhsil müəssisəsini 900-ə qədər tələbənin bitirdiyini bildirib. “Bizim ən böyük arzumuzdur ki, tələbələrimiz universiteti bitirdikdən sonra ən yüksək səviyyədə fəallıq göstərsinlər, müəllimlərinin etimadını doğrultsunlar. Bu gün Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün istənilən zəruri şərait yaradılıb. Azərbaycanda gənclərə dövlətin göstərdiyi diqqət və qayğı ən yüksək səviyyədədir. Bu, danılmaz faktdır. Məhz bu qayğının nəticəsidir ki, gənclər həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük uğurlar qazanıblar”, - deyə prorektor bildirib.
Sonra çıxış edən məzunlar bildiriblər ki, təhsil aldıqları müddət ərzində universitetdə yalnız qayğı ilə təmin olunublar. Yaradılmış şəraitə görə tələbələr universitetin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Tədbir incəsənət ustalarının çıxışları ilə başa çatıb.