ELM VƏ TƏHSİL


Azərbaycan Kooperasiya Universitetində imtahanların obyektiv aparılması üçün lazımi şərait yaradılıb

Bakı, 16 iyun, AZƏRTAC

İyunun 16-da Azərbaycan Kooperasiya Universitetində (AKU) 2016/2017-ci tədris ilinin yaz imtahan sessiyası ilə əlaqədar “açıq qapı” günü təşkil olunub.

Tədbirin keçirilməsinin məqsədi imtahanların ictimaiyyət nümayəndələri tərəfindən izlənilməsinə şərait yaratmaq olub.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, müvafiq qurumların nümayəndələri, tələbələrin valideynləri, təhsil ekspertləri AKU-nun marketinq və menecment, ekspertiza və texnologiya, iqtisadiyyat və idarəetmə fakültələrində, eyni zamanda, imtahan yoxlama mərkəzində imtahan proseslərini izləyiblər.

Universitetin tədris işləri üzrə prorektoru Fikrət Quliyev bildirib ki, imtahan sessiyaları bir qayda olaraq tədris ili ərzində iki dəfə (qış, yaz) tədris planları ilə müəyyənləşdirilmiş vaxtda keçirilir. İmtahanlarda tələbənin biliyinin qiymətləndirilməsi imtahan biletləri əsasında həyata keçirilir. İmtahan biletləri “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında Əsasnamə”yə uyğun tərtib edilir. İmtahan üçün ayrılmış vaxt başa çatdıqdan sonra tələbələrdən cavab blankları yığılır, ali məktəbin rəhbərliyi tərəfindən müəyyənləşdirilmiş şəxs tərəfindən kodlaşdırılır və fənni tədris edən müəllim tərəfindən yoxlanılaraq qiymətləndirilir. Zərurət olduğu halda, yoxlamaya kafedranın digər müəllimləri də cəlb oluna bilərlər. İmtahanların nəticələri imtahan vərəqəsində göstərilir.

İmtahan vərəqəsi imtahan başa çatdıqdan sonra müəllim tərəfindən müvafiq qaydada doldurularaq fakültə dekanlığına təhvil verilir. İmtahan vərəqəsinə tələbələrin imtahandan aldığı qiymət (ballar və onların hərfi işarələri göstərilməklə) yazılır.

Tələbənin fənn üzrə semestr ərzində və imtahanda topladığı ballar cəmlənir, dekanlıq tərəfindən yekun bal müəyyənləşdirilir. Nəticələr imtahan verilən gün (müstəsna hallarda isə növbəti iş günü) tələbələrə elan edilir.

İmtahanlar zamanı baş verə biləcək mənfi halları aradan qaldırmaq üçün ali təhsil müəssisəsində Apellyasiya Komissiyası fəaliyyət göstərir.

“Açıq qapı” gününün iştirakçıları imtahanların təşkilini yüksək qiymətləndirib, onun şəffaf və obyektiv keçirildiyini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.