CƏMİYYƏT
Azərbaycan-Latviya hüquqi əlaqələri genişlənir
Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində genişmiqyaslı islahatların həyata keçirildiyi və nəticələrin əldə olunduğu nəzərə alınaraq, Latviya Respublikası Ədliyyə Nazirliyinin dövlət katibi Rayvis Kronberqsin başçılıq etdiyi nümayəndə heyəti hüquqi əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsi məqsədilə ölkəmizə səfərə gəlib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqlar aprelin 25-də əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılaraq məzarı üzərinə tər çiçəklər düzülüb.
Nümayəndə heyəti, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını ziyarət edərək “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.
Sonra ədliyyə naziri Fikrət Məmmədovun Latviyanın ədliyyə üzrə dövlət katibi R.Kronberqs ilə görüşü keçirilib. Görüşdə Azərbaycan ilə Latviya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, bu əlaqələrin möhkəmlənməsində dövlət başçılarının xüsusi rolu vurğulanıb, ədliyyə və məhkəmə sistemində aparılan islahatlar barədə faydalı fikir mübadiləsi aparılıb, hüquqi əlaqələrin genişləndirilməsinə maraq göstərilərək nazirliklər arasında əməkdaşlığa dair sənədin imzalanması barədə razılıq əldə olunub. Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı həqiqətləri diqqətə çatdırılıb.
R.Kronberqs səfər zamanı ölkəmizin hərtərəfli inkişafının şahidi olduğunu vurğulayıb, məhkəmə-hüquq sistemindəki yenilikləri maraqla qarşılayıb.
Latviyalı qonaqların, həmçinin ədliyyə nazirinin müavini Toğrul Musayev və nazirliyin aidiyyəti struktur qurumlarının rəhbərləri ilə keçirilmiş geniş tərkibdə görüşündə ədliyyə sistemi, nazirliyin müxtəlif fəaliyyət istiqamətləri ilə bağlı ətraflı müzakirələr aparılıb, qarşılıqlı fəaliyyətin genişləndirilməsinin və təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.
Tədbirdə Latviyanın ölkəmizdəki səfiri Yuris Maklakovs iştirak edib.
Həmin gün Latviya nümayəndə heyətinin Ali Məhkəmədə, Məhkəmə-Hüquq Şurasında, Hakimlərin Seçki Komitəsində və Ədliyyə Akademiyasında görüşləri keçirilib. Eyni zamanda, qonaqlar ölkəmizdə məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə görülən tədbirlərə maraq göstərərək Bakının Yasamal Rayon Məhkəməsinin müasir binası və elektron məhkəmə sisteminin tətbiqi ilə tanış olublar.
Səfər çərçivəsində latviyalı qonaqların, həmçinin bölgələrdə inşa olunmuş yeni məhkəmə bina və kompleksləri, yerli və regional ədliyyə qurumlarının, müasir penitensiar müəssisələrin fəaliyyəti, habelə Azərbaycan brendi olan və ədliyyənin də müxtəlif xidmətlər göstərdiyi “ASAN xidmət” mərkəzləri, eləcə də respublikamızın tarixi və mədəni abidələri, o cümlədən Heydər Əliyev Mərkəzi ilə tanışlığı nəzərdə tutulur.