SİYASƏT


Azərbaycan-Litva parlamentlərarası əlaqələri müzakirə olunub

Vilnüs, 18 may, AZƏRTAC 

Milli Məclisin Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Kamran Nəbizadənin və Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadənin Litva Seymindəki Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrupun sədri Valerius Simulik və bir sıra üzvləri ilə görüşü olub.

Görüşdə Valerius Simulik Seymdə Azərbaycanla Parlamentlərarası əlaqələr üzrə qrupun üzvlərinin sayının 66 nəfər təşkil etdiyini və bunun da üzvlərinin sayına görə ən böyük qrup olduğunu vurğulayıb. O, Azərbaycan-Litva əlaqələrinin inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib.

Səfərinin məqsədi barədə məlumat verən Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Kamran Nəbizadə bildirib ki, əsas məqsəd deputat seçildiyi Azərbaycanın Qazax rayonu ilə Litvanın Trakay rayonu arasında əməkdaşlıq haqqında Sazişin imzalanması ilə bağlıdır. Azərbaycan və Litvanın nisbətən gənc dövlətlər olduğunu vurğulayan deputat ölkələrimiz arasında tarixi baxımdan oxşarlıq və yaxınlığın olduğunu diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Litva arasında ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, regional və beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan Milli Məclisin deputatı Kamran Nəbizadə bildirib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının iyirmi faizi işğal edilib və bir milyondan çox azərbaycanlı doğma yurdlarından zorla çıxarılıb. Bildirilib ki, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilib. Lakin Ermənistan tərəfi bu sənədlərə məhəl qoymur. O, münaqişənin həlli üçün ilk növbədə işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmalı və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmalı olduğunu bildirib.

Litvanın rəsmi mövqeyini bir daha xatırladan Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrupun üzvləri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini vurğulayıblar, Azərbaycanla ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.

Sonda Litva Seymindəki Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupun sədri V.Simulik öz adından və qrupun üzvləri adından qarşıdan gələn 28 May - Respublika Günü ilə bağlı təbrik məktubunu həmkarına təqdim edib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.