SİYASƏT
Azərbaycan-Livan əlaqələri müzakirə edilib
Bakı, 12 fevral, AZƏRTAC
Livan parlamentinin sədri Nəbih Bərri Azərbaycanın bu ölkədəki səfiri Ağasəlim Şükürov ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə N.Bərrinin Azərbaycana səfərə dəvət olunması ilə bağlı Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən ünvanlanmış məktub Livan parlamentinin sədrinə təqdim edilib.
Söhbət zamanı Məzhəblərin Yaxınlaşması Təşkilatının Ali Şurasının keçən ilin noyabr ayında Beyrutda keçirilmiş konfransında Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyətinin iştirak etdiyi xatırlanıb.
Səfir A.Şükürov Azərbaycanın Livan ilə əlaqələrin inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini bildirərək, bu məqsədlə ölkəmizin Livanda səfirliyinin təsis olunduğunu deyib. O, yaxın gələcəkdə Livanın da Azərbaycanda səfirliyinin təsis ediləcəyinə inandığını bildirib.
N.Bərri Azərbaycanın Livanda səfirliyinin təsis edilməsini yüksək qiymətləndirərək, bu addımın ölkələrimiz arasında münasibətlərin inkişafına təkan verəcəyindən əminliyini ifadə edib.
Görüşdə parlamentin sədrinə ölkəmiz haqqında geniş məlumat verilib, ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan quruculuq işləri, yenidənqurma və islahatlar nəticəsində Azərbaycanın regionda lider dövlətə çevrilməsi diqqətə çatdırılıb.
Daha sonra A.Şükürov N.Bərrinin Azərbaycanın dövlət quruluşu, Milli Məclisin tərkibi barədə suallarını cavablandırıb.
Söhbət əsnasında zəngin təbii sərvətləri, gözəl təbiəti, tarixi abidələri ilə məşhur olan Azərbaycanın böyük iqtisadi potensiala malik olduğu və Livanla bütün sahələrdə əməkdaşlığa önəm verdiyi qeyd olunub. Bununla yanaşı, N.Bərri Azərbaycanın böyük neft-qaz resursları, həyata keçirdiyi enerji layihələri barədə məlumatlandırılıb. Parlamentin sədrinə Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, tərəflər arasında ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesi barədə də məlumat verilib.