MƏDƏNİYYƏT
Azərbaycan Londonda keçirilən beynəlxalq turizm sərgisində təmsil olunurVİDEO
Londonda “Dünya səyahət bazarı-2014” ənənəvi beynəlxalq turizm sərgisi açılıb.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və ölkəmizin Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Azərbaycan sərgidə uğurla təmsil olunur.
Sərgidə 14 yerli turizm şirkəti - “Geo Travel”, “SW travel”, “ENC tours”, “The tour”, “Turizm.az”, “AL travel”, “İmprotex travel”, “ATA travel”, “STİ travel”, “Regea travel”, “Proxy travel”, “Gilan tourism”, “Billur travel”, “Millennium Tourism and Congress”, 2 otel – “Pik Palace” və “Jumeirah Bilgah Beach hotel”, həmçinin “Azərbaycan Hava Yolları” təmsil olunur.
Burada icarəyə götürülmüş 105 kvadratmetrlik sahədə Azərbaycan stendi quraşdırılıb, ziyarətçilərə ölkəmizin mədəniyyəti və turizm imkanları haqqında ətraflı məlumat verilir. Azərbaycan stendi sərgiyə gələn ziyarətçilərə paylanması üçün ingilis dilində müxtəlif növ reklam-çap məhsulları ilə təmin edilib.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə yerli turizm şirkətlərinə uğurlar arzulayıb.
2002-ci ildən başlayaraq Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq 12-ci dəfədir ki, “Dünya səyahət bazarı” beynəlxalq turizm sərgisində iştirak edirlər.
Sərgi noyabrın 6-dək davam edəcəkdir.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London