MƏDƏNİYYƏT


Azərbaycan “Lüksemburq Beynəlxalq Bazar”ında uğurla təmsil olunur

A+ A

Lüksemburq, 27 noyabr, AZƏRTAC

Azərbaycanın Belçika Krallığında və Lüksemburq Hersoqluğundakı səfirliyinin, Heydər Əliyev Fondunun, Azərbaycan-Lüksemburq Ticarət Palatasının və bu ölkədə fəaliyyət göstərən “Qarabağ” Assosiasiyasının təşkilatçılığı ilə “Lüksemburq Beynəlxalq Bazar”ında ölkəmiz böyük stendlə təmsil olunur.

70 ölkənin iştirak etdiyi beynəlxalq bazarda Azərbaycanın bayrağı böyüklüyünə görə diqqəti cəlb edib.

Milli ornamentlərlə bəzədilmiş stendimizdə Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti, musiqisi, mətbəxi ilə bağlı nəşrləri nümayiş olunur və ziyarətçilərə hədiyyə edilir. Bu nəşrlər stendimizi ziyarət edən lüksemburqlulara və turistlərə ölkəmiz haqqında ətraflı məlumat almağa imkan verəcək. Gün ərzində stenddə qurulmuş böyük ekranda mədəniyyətimizi təşviq edən videomateriallar yayımlanır.

İki gün davam edəcək “Lüksemburq Beynəlxalq Bazar”ında ziyarətçilər Azərbaycan qonaqpərvərliyinin şahidi olacaq və “Azərsun”, “ASPİ Savalan”, “Gilan”, “Viva” kimi şirkətlərin yüksək keyfiyyətli şərablarını, təravətli çayını, nar şirəsini, gül və əncir mürəbbəsini, ənənəvi şirniyyatlarını, paxlava və şəkərburasını dada və ala biləcəklər. Həmçinin Milad bayramı ərəfəsində hədiyyə etmək üçün orijinal incə əl işlərini, UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilmiş kəlağayılarını əldə edəcəklər.

Milli ornamentlərlə bəzədilmiş stendimizdə ölkəmizin tər meyvə və tərəvəzləri (nar, heyva, xurma, feyxoa, pomidor, xiyar) də təqdim olunur.

Bu gün stendimizi ziyarət edən Lüksemburqun Baş naziri Ksavye Bettel Azərbaycan qonaqpərvərliyi ilə qarşılanıb.

Qeyd edək ki, ölkəmiz artıq beşinci ildir “Lüksemburq Beynəlxalq Bazar”ında təmsil olunur. Multikulturalizm mühitində fəaliyyət göstərən bu bazar xeyriyyəçilik məqsədilə keçirilir, əldə olunan gəlir köməyə ehtiyacı olan ölkəyə verilir.

Lüksemburqda yaşayan azərbaycanlılar ölkəmizin tanıdılması istiqamətində əllərindən gələni əsirgəmir, belə tədbirlərdə fəal iştirak edirlər.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Lüksemburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.