İDMAN
Azərbaycan MDB ölkələrinin IV məktəb idmanı festivalında iştirak edəcək
Minsk, 23 avqust, AZƏRTAC
Sentyabrın 25-də Krasnodarda (RF) MDB üzvü olan ölkələr arasında IV məktəb idmanı festivalına start veriləcək. Birliyin Minskdəki qərargahının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu xəbər həmin idman tədbirinin təşkilat komitəsinin iclasında elan edilib.
İlk dəfədir ki, bu yarışlarda MDB üzvü olan bütün ölkələr, o cümlədən Azərbaycan da iştirak edəcək. Gözlənildiyinə görə Krasnodar diyarının paytaxtına 500-dən çox uşaq gələcək. Onlar hamısı adi ümumtəhsil məktəblərinin şagirdləridir. Uşaqlar yeddi idman növü üzrə, o cümlədən mini-futbol, basketbol, stolüstü tennis və şahmat yarışlarında özlərini sınayacaqlar.
Krasnodar diyarının təhsil, elm və gənclər siyasəti naziri Tatyana Sinyuqina deyib: “Festivalın başlanmasına lap az vaxt qalıb. Bunu nəzərə alaraq bütün məsələlər təşkilati baxımdan çox dəqiq ölçülüb-biçilməlidir. Məsələn, başa düşməliyik ki, sentyabrın 5-dək biz subyektlərin siyahısını, onların gəlmə və getmə tarixləri barədə məlumatları almalıyıq”.
Əsas yarışlar “Olimp” idman sarayında keçiriləcək. Bir həftə davam edəcək festival oktyabrın 2-də başa çatacaq.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk