SİYASƏT
Azərbaycan-Malta əlaqələrinin inkişafında ölkələrimizin parlamentləri müsbət rol oynaya bilərlər
Bakı, 29 aprel, AZƏRTAC
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov aprelin 29-da ölkəmizdə səfərdə olan Maltanın xarici işlər naziri Corc Vellanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Azərbaycanın Malta ilə əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. Qeyd edib ki, Avropa ölkələri ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətində önəmli yer tutur. Malta ilə siyasi əlaqələrimizin yüksək səviyyədə olması digər sahələrdə münasibətlərin inkişafı üçün yaxşı şərait yaradır. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın dərinləşməsi üçün geniş imkanlar mövcuddur.
Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verməkdədir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri buna parlaq misaldır. TANAP və TAP kimi qaz layihələrinin reallaşması isə Avropanın enerji xəritəsini tamamilə dəyişəcək. Ölkəmiz Maltanın enerji sektoruna investisiya yatırımında da iştirak edir.
Oqtay Əsədov bildirib ki, öz iqtisadi inkişafına görə regionun lideri olan Azərbaycanın Dağlıq Qarabağ kimi bir problemi var. Münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının, AŞPA-nın qərar və qətnamələrinə məhəl qoymayan Ermənistan işğalçılıq siyasəti yeritməkdə davam edir. Cəbhəyanı bölgələrdə erməni silahlıları tərəfindən dinc əhali, yaşayış binaları və ictimai binalar atəşə məruz qalır. Cari ilin aprel ayının əvvəlində cəbhə xəttində baş vermiş hadisələr bir daha sübut etdi ki, Azərbaycan problemi başqa vasitələrlə də həll edə bilər. Ancaq biz hesab edirik ki, münaqişənin ölkələrin ərazi bütövlüyü prinsipi, beynəlxalq hüquq normaları çərçivəsində, sülh yolu ilə həlli üçün hələ imkanlar qalmaqdadır. Bunun üçün nüfuzlu beynəlxalq qurumların və ayrı-ayrı dövlətlərin səylərinin artırılmasına ehtiyac var.
Nazir Corc Vella ölkəmizə səfərindən və burada apardığı danışıqlardan söhbət açıb. Qeyd edib ki, Malta bir Avropa ölkəsi kimi Azərbaycanla əlaqələri inkişaf etdirmək niyyətindədir. Bu sahədə parlamentlər də müsbət rol oynaya bilərlər. İqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıq ümumi mənafelərə xidmət edir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan qonaq problemin beynəlxalq hüququn normaları çərçivəsində ədalətli həllinin tərəfdarı olduğunu söyləyərək, atəşkəs rejiminə əməl olunmasını önəmli hesab edib. O, ATƏT-in Minsk qrupunun bu sahədə gördüyü işlərdən söhbət açaraq problemin həlli üçün danışıqlar prosesinin davam etdirilməsini çıxış yolu kimi dəyərləndirib.
Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin Maltadakı səfiri Məmməd Əhmədzadə və digər rəsmi şəxslər iştirak ediblər.