SİYASƏT
Azərbaycan Meksikada keçirilən Ümumdünya Birlik və Qardaşlıq tədbirində təmsil olunub
Vaşinqton, 15 may, AZƏRTAC
Meksikanın Quanaxuato ştatının San Migel de Ayende şəhərində Ümumdünya Birlik və Qardaşlıq - XVIII Beynəlxalq Görüşü keçirilib. UNESCO Ümumdünya Mədəni İrsi Siyahısına daxil edilən San Migel de Ayende şəhərində 60-a yaxın müxtəlif milləti təmsil edən icmalar yaşayır. Quanaxuato ştatının hökuməti və San Migel de Ayende şəhərinin yerli hakimiyyəti tərəfindən ənənəvi olaraq təşkil edilən və iki gün ərzində keçirilən bu tədbir müxtəlif millətlərin və mədəniyyətlərin təmsilçilərinin bir araya gətirilməsi məqsədini daşıyır.
Meksikada akkreditə olunmuş diplomatik korpus nümayəndələri, Quanaxuato ştatını Meksika Federal Deputatlar Palatasında təmsil edən millət vəkilləri, KİV və QHT təmsilçiləri, həmçinin yerli icmaların iştirak etdikləri bu tədbir çərçivəsində müxtəlif görüşlər və mədəni proqramlar həyata keçirilir.
Azərbaycanı tədbirdə ölkəmizin Meksikadakı səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov təmsil edib.
Tədbirin ilk günü şəhərin mötəbər tarixi binalarından olan Teatro Angela Peralta-da keçirilən açılış mərasimində Quanaxuato ştatının qubernatoru Migel Markez Markez də iştirak edib. Azərbaycan tərəfinə San Migel de Ayende şəhərinin yerli hakimiyyəti adından “Fəxri qonaq” adı ilə təltif olunması barədə qərarnamə təqdim olunub.
İştirakçı ölkələrin şərəfinə təşkil olunmuş parad zamanı Azərbaycan Respublikasının milli bayrağı da təntənəli şəkildə şəhərin mərkəzi küçələrindən keçirilib.
Tədbir çərçivəsində keçirilən görüşlər zamanı azərbaycanlı diplomat ölkəmizdə uzun tarixə malik olan tolerantlıq ənənələri və müxtəlif millətlərin və mədəniyyətlərin nümayəndələrinin burada əsrlərboyu heç bir ayrı-seçkiliklə üzləşmədən yaşaması barədə danışıb. O, son illər Azərbaycanın multikulturalizm və mədəniyyətlərarası dialoq mərkəzinə çevrildiyini bildirərək may ayının əvvəlində Bakıda böyük uğurla keçirilmiş IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu xüsusilə qeyd edib, bunun, eyni zamanda, Azərbaycan rəhbərliyi tərəfindən bu sahəyə göstərilən xüsusi qayğı və diqqət nəticəsində mümkün olduğunu vurğulayıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton