CƏMİYYƏT
Azərbaycan “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” şəbəkəsinə üzv olub
Bakı, 13 iyul, AZƏRTAC
Azərbaycan “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” beynəlxalq şəbəkəsinə (Health Behaviour in School-aged Children - HBSC) - məktəbyaşlı uşaqların sağlam davranışları ilə əlaqədar beynəlxalq səviyyədə aparılan araşdırmalarda əməkdaşlıq edən tədqiqatçıların ittifaqına üzvlüyə qəbul olunub. Bu şəbəkə 45 üzv ölkədən olan 11, 13 və 15 yaşlı məktəbli uşaqların iştirakı ilə bütün üzv ölkələrdə 30 ildən bəri hər dörd ildən bir keçirilən sorğularla onların sağlamlıq, rifah və sosial problemlərini müəyyən edir. Azərbaycanın bu beynəlxalq quruma üzvlüyü Dünya Səhiyyə Təşkilatı tərəfindən tanınır və dəstəklənir.
Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mətbuat xidmətindən bildirilib.
Mərkəz tərəfindən 2017-ci ilin aprelində pilot layihə olaraq Bakı, Xızı və Sumqayıt şəhərlərinin hər birində 5 məktəb olmaqla, 5, 7 və 9-cu sinif şagirdləri arasında “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi”nə dair sorğu keçirilib. Pilot sorğu Azərbaycanın HBSC şəbəkəsinə qoşulmasının birinci addımı olub. Sorğu tamamlandıqdan sonra əldə edilən məlumatlar təhlil edilib və nəticələr əsasında hesabat hazırlanıb.
İSİM-in səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Nabil Seyidov həmin sorğu ilə bağlı hesabatla iyunun 19-da Norveçin Bergen şəhərində keçirilmiş “Məktəbyaşlı uşaqlar arasında sağlam davranışların tədqiqi” üzrə beynəlxalq şəbəkənin konfransında iştirak edib. O, konfrans iştirakçılarına Azərbaycanda keçirilən sorğu zamanı qazanılan nailiyyətlər, çətinliklər, ümumiyyətlə, metodologiyanın tədqiqi ilə bağlı texniki məsələlər və əldə edilən ilkin nəticələr barədə məlumat verib.
Azərbaycanda keçirilmiş pilot sorğunun uğurlu sayılması nəticəsində ölkəmiz “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” beynəlxalq şəbəkəsinə üzv seçilib. Bununla da, Azərbaycan cari ilin payız aylarında HBSC tədqiqatının ölkə üzrə iri miqyasda aparılması hüququnu əldə edib.