Azərbaycan Meliorasiya və Su Təsərrüfatının fəaliyyətində nöqsanlar aşkarlanıb
Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin müvafiq Sərəncamlarına əsasən 2015-2016-cı illərdə və 2017-ci ilin 9 ayında 13,8 min hektar əkin sahəsinin (iki ildə) və 1,5 milyon nəfərə yaxın əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə 762 ədəd subartezian quyularının layihələndirilməsi və tikintisinə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-yə (ASC) 50,8 milyon manat məbləğində vəsait ayrılıb. Layihələndirilməsi və tikintisi nəzərdə tutulmuş 762 ədəd subartezian quyularından 612 ədədi ötən il avqustun 22-dək təhvil verilib.
Hesablama Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müvafiq sərəncamlarda artezian quyularının tikintisi üçün nəzərdə tutulmuş vəsaitlər hesabına ASC tərəfindən cəmi 55 ədəd artezian quyusu da qazılıb. Subartezian quyularının hər biri üzrə suvarma potensialının orta göstəricisi 25-30 hektar torpaq sahəsinin suvarılmasına nəzərdə tutulduğu halda, 2015-ci ildə təhvil verilən 302 subartezian və artezian quyusundan 55 ədədi 1-10 hektar, 34 ədədi 11-15 hektar, 42 ədədi 16-20 hektar, 66 ədədi 21-25 hektar, 105 ədədi 26 hektardan artıq torpaq sahəsinin suvarılması üçün nəzərdə tutulub. Bunun nəticəsi olaraq, 2015-ci ildə təhvil verilən quyuların 65,2 faizi, 2016-cı ildə isə 61,9 faizinin layihə gücündən aşağı olmaqla az torpaq sahəsinin suvarılmasını təmin edəcək.
Müəyyən edilib ki, yeni subartezian və artezian quyularının bir qismi yaşıllıq sahələrinin suvarılmasına və istehsal obyektlərinə, parkların su təminatına, suvarma üçün infrastruktur olmadığı, həmçinin əkin sahəsi və yaşayış olmayan sahələrdə, otlaq sahələrində, öz təzyiqi ilə çıxan su mənbələrində, balıqartırma məntəqələri və fermaların su təminatı üçün onların yaxınlığında, su mənbəyinə malik olan mexaniki suvarma kanallarının və digər fəaliyyətdə olan quyuların yaxınlığında inşa olunub. Yeni tikilmiş subartezian və artezian quyuları üzrə su nümunələrinin baktereoloji və kimyəvi analizləri barədə məlumat lövhələri quyulara vurulmayıb və suyun keyfiyyət göstəriciləri barədə əhali məlumatlandırılmayıb.
Hesablama Palatasının kollegiyası "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığı nəzərə almaqla müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırılması məqsədilə nəzərdə tutulmuş qaydada tədbirlərin görülməsi barədə qərar qəbul edib və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-yə göndərilib.
Auditin nəticələri ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib.
Qeyd edək ki, məlumat "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın 5.7-ci bəndinin icrası məqsədilə "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununa əsasən hazırlanıb.