QAN YADDAŞI
Azərbaycan Memarlıq və İnşaat Universitetində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə bu ali məktəbdə “Şəhidlərin xatirə guşəsi”nin önünə qərənfillər düzülüb, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi terror aktı barədə ətraflı məlumat verib, günahsız insanların qətlə yetirildiyini vurğulayıb.
Qeyd edilib ki, həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazıb, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.
G.Məmmədova 20 Yanvar faciəsinə ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini xatırladıb, bu hadisələrin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıb, tələbələrə bu işdə fəal olmağı tövsiyə edib.
Tələbələr Qanlı Yanvar faciəsi haqqında fikirlərini bölüşüb, ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canından keçən insanları unutmayacaqlarını söyləyiblər.