ELM VƏ TƏHSİL
Azərbaycan Memarlıq və İnşaat Universitetində Multikulturalizm Mərkəzinin təqdimatı olub
Bakı, 26 may, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Azərbaycan Memarlıq və İnşaat Universitetində təqdimatı olub.
BBMM-dən AZƏRTAC-a bildirilib ki, Mərkəzin analitika şöbəsinin müdiri Nəriman Qasımzadə tədbirdə qurumun fəaliyyəti barədə məlumat verib. O, Azərbaycan multikulturalizmi ənənələrindən danışıb və multikulturalizmin həyat tərzimiz olduğunu vurğulayıb. N.Qasımzadə xarici və yerli ali təhsil müəssisələrində “Azərbaycan multikulturalizmi” fənninin tədrisindən söhbət açıb. Qeyd edib ki, növbəti semestrdən bu fənnin Azərbaycan Memarlıq və İnşaat Universitetində də tədris edilməsi mümkün olacaq.
Mərkəzin layihələr şöbəsinin müdiri Hikmət Babayev BBMM-in həyata keçirdiyi layihələrdən söhbət açıb. Bu layihələr sırasında “Azərbaycan multikulturalizmi” fənninin xarici və yerli universitetlərdə tədris edilməsi, bu fənni tədris edən müəllimlər üçün təlimlərin təşkil edilməsi, xarici universitetlərdə “Azərbaycan multikulturalizmi” mövzusuna dair müxtəlif formatlı elmi konfransların, “dəyirmi masa”ların keçirilməsi, xarici ölkələrin intellektual və administrativ məkanlarında birdəfəlik mühazirələrin oxunması və “Azərbaycan multikulturalizmi” fənni tədris edilən tələbələr üçün yay məktəblərinin təşkili də var.
Mərkəzin mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli ölkəmizdə multikulturalizm sahəsində dövlət siyasəti və görülən işlərin əhəmiyyəti haqqında söz açıb və maarifçilik sahəsində kitabların, elmi nəşrlərin, jurnalların hazırlanmasından danışıb.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin həmkarlar ittifaqı komitəsinin sədri Şahin İsmayılov, nəqliyyat kafedrasının dekanı Elçin Yusifzadə, ictimai fənlər kafedrasının baş müəllimi Kəramət Mirzəyev, həmin kafedranın dosenti Zəminə Əsgərova və elmi tədqiqat şöbəsinin müdiri Könül Əliyeva çıxış edərək müasir dövrdə Azərbaycan multikulturalizminin önəmindən və ali təhsil ocaqlarında multikulturalizmin tədrisinin əhəmiyyətindən danışıblar.
Görüşün sonunda tələbələrin sualları cavablandırılıb.