ELM VƏ TƏHSİL
Professor Gülçöhrə Məmmədova: Azərbaycanda kosmik proqramın inkişafında akademik Roald Saqdeyevin dəyərli tövsiyələri olub
Bakı, 17 yanvar, Xatirə Cəfərova, AZƏRTAC
Yanvarın 17-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) kosmik tədqiqatlar sahəsində görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, akademik Roald Saqdeyevlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə universitetin rektoru, professor Gülçöhrə Məmmədova R.Saqdeyevin uzun və şərəfli ömür yolundan bəhs edib.
Akademikin elmi fəaliyyətindən danışan G.Məmmədova onun elmə gətirdiyi yeniliklər barədə görüş iştirakçılarına məlumat verib. Rektor qeyd edib ki, Azərbaycanın ilk kosmik peykinin orbitə buraxılması məsələləri və ölkəmizdə kosmik proqramın inkişafı sahəsində akademik R.Saqdeyevin dəyərli tövsiyələri olub.
Göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkürünü bildirən R.Saqdeyev belə görüşlərin əhəmiyyətini vurğulayıb. O, uzun illər çalışdığı sahə üzrə məlumat verib, Azərbaycanda kosmik fəaliyyətin uğurla həyata keçirildiyini və bu sahədə kifayət qədər ixtisaslı kadrların hazırlandığını qeyd edib. Akademik "Azərkosmos"un uğurlu layihə olaraq bir modelə çevrildiyini, Azərbaycanın dünyanın kosmik ölkələri sırasında əhəmiyyətini diqqətə çatdırıb. Ölkəmizin telekommunikasiya peykinin verdiyi üstünlükləri vurğulayan R.Saqdeyev bundan sonra da Azərbaycan xalqı üçün hər zaman əlindən gələn köməyi etməyə hazır olduğunu söyləyib.
Tədbirdə AzMİU, onun tarixi, fakültələri, fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri barədə slayd- şou nümayiş etdirilib. Bu slayd-şou R.Saqdeyevin marağına səbəb olub, sonra görüş iştirakçıları ilə qonaq arasında maraqlı elmi müzakirələr, fikir mübadiləsi aparılıb. Qonaq görüş iştirakçılarının suallarını cavablandırıb.
Görüşdən sonra R.Saqdeyev universitetin elmi kitabxana və laboratoriyaları ilə tanış olub, imtahan prosesini müşahidə edib.
Qeyd edək ki, akademik R.Saqdeyev uzun illər SSRİ Kosmik Tədqiqatlar İnstitutuna rəhbərlik edib, nüvə silahsızlaşdırılması problemləri ilə məşğul olub. 1990-cı ildə ABŞ-a köçən akademik hazırda Merilend Universitetinin professorudur, Şərq-Qərb Kosmik Elmi Mərkəzinə rəhbərlik edir. Görkəmli alim ölkəmizlə kosmik sahədə faydalı əməkdaşlığına, Azərbaycan ilə ABŞ arasında beynəlxalq əlaqələrin möhkəmləndirilməsində və inkişafındakı xidmətlərinə görə Azərbaycan Mühəndislik Akademiyasının “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif edilib. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın beynəlxalq elmi əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətinə görə akademik R.Saqdeyevi “Dostluq” ordeni ilə mükafatlandırıb.