İQTİSADİYYAT
Azərbaycan Memarlıq və İnşaat Universitetində bərpa olunan enerji üzrə laboratoriyanın yaradılması nəzərdə tutulub
Bakı, 28 noyabr, Ramiz Quliyev, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin bazasında bərpa olunan enerji üzrə laboratoriyanın yaradılması nəzərdə tutulub. Bu, bərpa olunan enerji sahəsində respublikada ilk laboratoriya olacaq.
Bu barədə AZƏRTAC-a müsahibə verən Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, professor Fəqan Əliyev deyib ki, müasir laboratoriyanın yaradılması ilə əlaqədar Avropa və Amerika ölkələrində bu sahədə mövcud olan qabaqcıl təcrübə öyrənilib.
Artıq layihə işləri də hazırdır. Xarici avadanlıqlarla təchiz olunacaq laboratoriyanın ərsəyə gəlməsi ilə bağlı müəyyən vəsait də alınıb.
Azərbaycanda belə laboratoriyaya böyük ehtiyac duyulduğunu söyləyən alimin sözlərinə görə, burada universitet tələbələri və gənc mütəxəssislərin bilik və bacarıqlarının artırılması üçün lazımi şərait yaradılacaq.
Qeyd edək ki, bu yaxınlarda universitetdə suyun tərkibinin öyrənilməsi üzrə “Azərsu” ASC tərəfindən müasir laboratoriya yaradılıb.