CƏMİYYƏT
Azərbaycan Mərkəzi və Şərqi Avropa ölkələrinin Ali Məhkəmə sədrlərinin beynəlxalq konfransında təmsil olunub
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 4-dən 7-dək Macarıstanın paytaxtı Budapeştdə keçirilən Mərkəzi və Şərqi Avropa ölkələrinin Ali Məhkəmə sədrlərinin beynəlxalq konfransında iştirak edib.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransın keçirilməsində məqsəd məhkəmə sədrləri üçün ümumi maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparmaq, məhkəmələrin üzləşdiyi mövcud problemlərin həlli ilə bağlı təcrübə mübadiləsi aparmaq olub.
Avropanın bir çox ölkələrinin məhkəmə sədrlərinin və rəhbərlərinin iştirak etdiyi tədbirdə həmin dövlətlərin məhkəmə sistemində aparılan islahatlar, məhkəmə hakimiyyətinin və hakimlərin qərarların qəbul edilməsində müstəqilliyi, Ali Məhkəmə sədrinin effektiv hüquqi fəaliyyətə dəstəkdə rolu, məhkəmə sisteminə ictimai dəstəyin formalaşması, açıq məhkəmə iclasları, məhkəmə araşdırılması prosedurlarının optimallaşdırılması, məhkəmə islahatlarında innovasiyalar, məhkəmə gecikmələrinin aradan qaldırılması, məhkəmə sisteminin maliyyələşdirilməsi və digər sahələrdə ən yaxşı təcrübəyə dair nümunəvi təqdimatlar “dəyirmi masa”da müzakirə edilib.
Konfransda qeyd olunub ki, bir sıra Mərkəzi və Şərqi Avropa dövlətlərində konstitusion demokratiya əldə edildikdən sonra həmin ölkələrin məhkəmə sistemlərində müəyyən islahatlar aparılıb. Həmin islahatların nəticəsində məhkəmələrin fəaliyyətində mövcud müsbət dəyişikliklər müzakirə edilib, bəzi mənfi halların başvermə səbəbləri araşdırılıb.
Tədbirin ilk iclasında Ali Məhkəmənin sədri Ramiz Rzayev “Məhkəmənin və hakimlərin müstəqilliyi, həmçinin qərarların qəbul edilməsi zamanı kənar təsirdən müdafiə” mövzusunda çıxış edərək son illər Azərbaycan məhkəmə sistemində həyata keçirilən islahatlar və bununla bağlı konkret müsbət nəticələr barədə məlumat verib, məhkəmə prosesinin şəffaflığı, hakimlərin müstəqil qərar qəbul etməsi, qərar qəbul olunarkən kənardan müdaxilənin qarşısının alınması üçün hansı zəruri tədbirlərin görülməsi ilə əlaqədar təcrübəyə əsaslanan fikir və mülahizələrini bildirib.
Ali Məhkəmənin sədri qeyd edib ki, hakimlər dövlətin hüquqi qarantıdır. Hakimin müstəqilliyi dövlətin və cəmiyyətin müstəqilliyidir. Hakimlərin müstəqil qərar qəbul etməsi nəinki məhkəmələrə, eyni zamanda, dövlətə olan inamı artırır. Hakimlərin müstəqilliyini vətəndaşların və ümumiyyətlə, cəmiyyətin qəbul etməsi mühüm məsələdir. İnzibati icraatla bağlı bir statistik məlumatı nəzərə çatdıran Ali Məhkəmənin sədri bildirib ki, Azərbaycanda inzibati məhkəmələr 2011-ci il yanvarın 1-dən fəaliyyət göstərir. Son altı il ərzində vətəndaşların inzibati orqanlara qarşı verdikləri iddiaların 82-84 faizi təmin olunub. Bu da vətəndaşların məhkəmələrə inamının bariz nümunəsidir.
Ali Məhkəmənin sədri Azərbaycan məhkəmə sistemində görülən işlərin və həyata keçirilən tədbirlərin həcminin və miqyasının insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini daha da artıracağına inamını vurğulayıb.
Ramiz Rzayev bir sıra ölkələrin Ali məhkəmələrinin sədrləri ilə görüşlərində və söhbətlərində Azərbaycanda məhkəmə islahatı zamanı toplanmış müsbət təcrübəyə diqqəti cəlb edib, bununla bağlı geniş söhbət aparıb, sualları cavablandırıb.
Faydalı fikir mübadiləsi zamanı Azərbaycanın məhkəmə təcrübəsinə böyük maraq göstərilib.