CƏMİYYƏT


Azərbaycan Mətbuat Şurası Tbilisidə tanınmış jurnalistlərin fəaliyyətini yüksək qiymətləndirib

Tbilisi, 28 may, AZƏRTAC

Tbilisidə tanınmış jurnalist və ictimai xadim, Gürcüstanda yayımlanan radio verilişlərinin diktoru Ələddin Həsənovun xatirəsi anılıb.

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilən tədbiri muzeyin direktoru Leyla Əliyeva açaraq hər iki xalqı milli bayram – Respublika Günü münasibətilə təbrik edib.

Sonra mətbuat şurasının sədri, Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov çıxış edərək, Azərbaycan-Gürcüstan dostluğundan danışıb, əlaqələrimizin möhkəmlənməsində, mədəniyyətimizin inkişafında jurnalistlərin və mədəniyyət işçilərinin rolunu xüsusi qeyd edib. Bildirib ki, Tbilisidə yazıb-yaratmış Əli Qurbanov, Möhsün Sənani, Gürcüstanın Xalq Artisti İbrahim İsfahanlı kimi şəxsiyyətlər olub. Onların sırasına bu gün xatirəsi ehtiramla anılan Ələddin Həsənovun adı daxil edilməlidir. Ə.Həsənov Gürcüstan radiosunda çalışdığı (1967-2002) 35 il ərzində ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsi, mədəniyyətimizin inkişafı istiqamətində çoxlu işlər görüb. Onun hazırladığı reportajlarda xalqlarımız arasındakı dostluğun tərənnümü birinci yerdə olub.

Bildirilib ki, Ə.Həsənov 2002-2004-cü illərdə Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrının direktoru olub. O, bu illər ərzində Azərbaycan teatr mədəniyyətinin, incəsənətinin inkişafında da mühüm işlər görüb.

Sonra qocaman jurnalist, yazıçı-tərcüməçi Emin Elsevər, ART –televiziyasının direktoru Tengiz Txilava, yazıçı Əli Abbas, jurnalist Nizami Məmmədzadə və başqaları çıxış edib, Ələddin Həsənovun yaradıcılığından, həyat və fəaliyyətindən danışıb, xatirələrini bölüşüblər.

Rizvan Həsənov atasının xatirəsini əziz tutduqlarına və anım tədbirini keçirdiklərinə görə təşkilatçılara minnətdarlıq edib.

Tədbirdə tanınmış şair-jurnalist, Azərbaycanın Əməkdar Jurnalisti Nizami Məmmədzadənin də yaradıcılığından söz açılıb.

Əflatun Amaşov deyib ki, N.Məmmədzadə Ə.Həsənov və E.Elsevər, Süleyman Süleymanov kimi tanınmış jurnalistlərin yolunu ləyaqətlə davam etdirir. Bu günlərdə şair-jurnalistin 60 yaşı tamam olub.

Azərbaycan Mətbuat Şurası onun media sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətinə, müasir Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərinə görə və anadan olmasının 60 illiyi münasibətilə xüsusi diplomla təltif edib.

Ə.Amaşov diplomu yubilyara təqdim edib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Elçin Məmmədov iştirak edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.