CƏMİYYƏT
Azərbaycan Mətbuat Şurası Türk Dünyası Jurnalistləri Federasiyasının mükafatına layiq görülüb
Bakı, 27 may, AZƏRTAC
Azərbaycan Mətbuat Şurası Türk Dünyası Jurnalistləri Federasiyasının türk dünyası media mükafatına layiq görülüb.
Şura bu mükafata Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində keçirilən Türk Dünyası Jurnalistləri Şurasının II toplantısında layiq görülüb.
İyirmi ölkədən 200-dən artıq nümayəndənin iştirak etdiyi tədbirə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və qurumun İdarə Heyətinin üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət də qatılıb.
Mətbuat Şurasından AZƏRTAC-a bildiriblər ki, toplantı iştirakçıları əvvəlcə təmsil olunduqları bölgələrdən gətirdikləri qəzet və jurnalların nümunələri əsasında hazırlanmış media sərgisinə baxıblar. Sərgidə yaradılmış Azərbaycan guşəsi böyük maraqla qarşılanıb.
Ə.Amaşov toplantıdakı məruzəsində türk dünyası ilə bağlı media qurumlarının mövcudluğunun əhəmiyyətindən danışıb, onları bu məkanın dünyaya təsir gücünün artırılmasındakı mühüm vasitələr kimi dəyərləndirib. Qloballaşan dünyada ənənəvi mediadan onlayn mediaya keçidin xüsusiyyətlərindən, türk dünyası mediasının mövcud dünya düzənindəki rolundan söz açan Ə.Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərinə də toxunub, Azərbaycanda jurnalistikanın vəziyyəti barədə məlumat verib.
Tatarıstanın və bütövlükdə Rusiyanın rəsmi nümayəndələrinin, elm xadimlərinin, ictimaiyyət nümayəndələrinin qatıldıqları tədbirdə dünyada söz və ifadə azadlıqlarının vəziyyəti ilə bağlı hesabatlar açıqlanıb, türk dünyasının müştərək problemlərinə münasibətdə kütləvi informasiya vasitələrinin yanaşma tərzini əks etdirən məqamların təhlili aparılıb.
Xatırladaq ki, Türk Dünyası Jurnalistləri Şurasının ilk toplantısı ötən il Türkiyənin Əskişəhər şəhərində keçirilib.