ELM VƏ TƏHSİL
Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun 50 illik yubileyi qeyd olunub
Bakı, 22 may, Pərvanə İmanova, AZƏRTAC
Mayın 22-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İdarəetmə Sistemləri İnstitutunun 50 illik yubileyinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, yubiley münasibətilə kollektivi təbrik edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə institutun yaranma tarixindən, elmi istiqamətlərindən söz açıb.
Akademik A.Əlizadə bildirib ki, institutun yaranma tarixini 1952-ci ilin mayından – Azərbaycan Elmlər Akademiyasındakı Neft ekspedisiyası nəzdində elektromodelləşdirmə laboratoriyasının təşkil edildiyi vaxtdan hesablamaq olar. Bu laboratoriyada Azərbaycanda neftçıxarma proseslərinin modelləşdirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini nəzərə alaraq keçmiş sovet respublikaları arasında Ukraynadan sonra ikinci Hesablama Mərkəzinin akademik Yusif Məmmədəliyevin təşəbbüsü ilə bizim ölkəmizdə yaradılması qərara alınıb. 1965-ci ilin mayında isə bu mərkəz Kibernetika İnstitutu statusunu alıb.
Akademik vurğulayıb ki, bu gün institutun fəaliyyətini davam etdirməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 90-cı illərinin ağır dövrlərində Ulu Öndərin elmimizə qayğısı akademiyanı, bu institutu, onun əməkdaşlarını çətin vəziyyətdən xilas edib. Hələ illər öncə müdrik dövlət xadimi Heydər Əliyevin bu istiqamətə qayğısı nəticəsində xalq təsərrüfatında avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması və tətbiqi məqsədilə 1971-ci ildə Kibernetika İnstitutunun nəzdində təsərrüfat hesablı avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsi yaradılıb, 1982-ci ilin martında bu şöbə müstəqil təşkilata, 2002-ci ildə isə İnformasiya Texnologiyaları İnstitutuna çevrilib.
AMEA-nın rəhbəri institutun elmi və elmi-təşkilati fəaliyyətində ciddi dəyişikliklərin Azərbaycanın müstəqilliyini bərpası ilə bağlı olduğunu diqqətə çatdırıb. Bildirilib ki, elmimizin dünya elmi mühitinə inteqrasiyası zərurətinin nəticəsi kimi İdarəetmə Sistemləri İnstitutu müasir elmin aktual istiqamətlərini əhatə etmək məqsədilə müxtəlif problemlər üzrə öz fəaliyyətini genişləndirməkdədir. İnstitutun fəaliyyətini ölkəmizin inkişaf konsepsiyasına və yeni prioritet elmi istiqamətlərə uyğunlaşdırmaq məqsədilə Nazirlər Kabinetinin 2014-cü il 15 aprel tarixli qərarına əsasən bu elm müəssisəsinin adı dəyişdirilərək İdarəetmə Sistemləri İnstitutu adlandırılıb.
Sonra institutun direktoru, akademik Telman Əliyevin “İdarəetmə Sistemləri İnstitutunun yaranması və inkişaf mərhələləri” mövzusunda məruzəsi dinlənilib. Akademik bu il 50 illik yubileyini qeyd edən institutun tarixi, fəaliyyət istiqamətləri, burada aparılan elmi araşdırmalar barədə geniş məlumat verib. Bildirilib ki, strateji əhəmiyyətli və elm tutumlu problemlərin araşdırılmasına həsr olunan elmi-tədqiqatların yüksək nəzəri səviyyədə yerinə yetirilməsi 1965-ci ildə təsis edilən Kibernetika İnstitutunun əsas hədəflərindəndir. Burada “İdentifikasiya nəzəriyyəsi”, siqnalların emalı, riyazi modelləşdirmə, optimallaşdırma, süni intellekt, müxtəlif təyinatlı və səviyyəli intellektual informasiya sistemləri, neft-qaz çıxarma, neft emalı, nəqliyyat, energetika, həmçinin tikinti sahələrini əhatə edən paylanmış intellektual monitorinq və diaqnostika sistemləri kimi bir çox fundamental problemlər tədqiq edilir. Akademik T.Əliyev keçən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin institutun inkişafına göstərdiyi diqqət və qayğını xüsusi qeyd edib.
İnstitutun direktoru AMEA-da son iki ildə aparılan islahatlardan danışıb, bölmələrdə və bütövlükdə akademiyada işgüzar yaradıcılıq mühitinin formalaşdığını diqqətə çatdırıb. Qeyd edilib ki, “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyası”ndan irəli gələn tələbləri nəzərə alaraq, institutda bir sıra fundamental nəzəri və tətbiqi elmi tədqiqat işləri yerinə yetirilir. Son on ildə institut tərəfindən 177 iş respublikanın müxtəlif sahələrində tətbiq edilib.
Alim böyük, iqtisadi səmərə verə bilən və elmi tutumlu multidissiplinar problemlərin həlli strategiyasına toxunub, bir sıra mühüm məsələlər barədə fikirlərini bölüşüb. Bildirilib ki, akademik A.Əlizadənin rəhbərliyi ilə “Gücdən düşmüş neft mədənlərini onlayn rejimdə idarə etməklə onların rentabelliyini təmin etməyə imkan verən iyerarxik intellektual robast nəzarət, diaqnostika və idarəetmə sistemlərinin yaradılması və ölkənin bütün mədənlərində tətbiqi” dövlət proqramı tərtib edilib.
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkəmizdə informasiya- kommunikasiya texnologiyalarının inkişafının perspektiv istiqamətlərindən danışıb, bu sahədə İdarəetmə Sistemləri İnstitutunun rolunu, Azərbaycan elminə verdiyi töhfələri xüsusi qeyd edib.
AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev elektron hökumətin elm tutumlu aktual problemlərindən söz açıb. Bildirilib ki, Azərbaycan elminin beynəlxalq elmi mühitə inteqrasiyasının təmin olunmasını sürətləndirmək məqsədi ilə Prezident İlham Əliyevin imzaladığı sərəncam və fərmanlar, o cümlədən “Azərbaycan Respublikasında 2009–2015–ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nda qeyd olunan bir çox tələblər elmdə aparılan islahatlar çərçivəsində elmi fəaliyyətin müasir informasiya-kommunikasiya texnologiyaları (İKT) əsasında yenidən qurulması və inkişaf etdirilməsi məsələsini zəruri edib. Bu istiqamətdə akademiyanın müvafiq qurumlarında məqsədyönlü işlər həyata keçirilir.
Tədbirdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı Gülçöhrə Məmmədova, rusiyalı professorlar Valeri Mitko, Nikolay Filimonov, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) proqram təminatı şöbəsinin rəhbəri Bəxtiyar Siracov və başqaları bu elm müəssisəsinin fəaliyyətini yüksək qiymətləndirib, kollektivi yubiley münasibətilə təbrik ediblər.
Tədbirdə institutun tarixinə həsr olunan film göstərilib.
Sonda qonaqlar İdarəetmə Sistemləri İnstitutunun sərgi zalı və laboratoriyaları ilə tanış olublar.