ELM VƏ TƏHSİL


Azərbaycan Milli Elmlər Akademiyası “Millers Oils LTD” şirkəti ilə əməkdaşlıq edəcək

Bakı, 9 fevral, AZƏRTAC

Son illərdə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) innovasiya fəaliyyətinin səmərəli mexanizm və siyasətlərinin qurulması istiqamətində dünya təcrübəsinin öyrənilməsi, elmi-tədqiqat işlərinin istehsalata tətbiqi üçün müvafiq islahatlar aparılıb.

Bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə Birləşmiş Krallığın “Millers Oils LTD” şirkətinin icraçı direktoru Ceymi Rayan və şirkətin biznesin inkişafı departamentinin müdiri Martin Qof ilə görüşdə söyləyib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, akademik A.Əlizadə elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırıb, “Millers Oils LTD” şirkəti ilə əməkdaşlığın səmərəli olacağına əminliyini ifadə edib.

C.Rayan AMEA ilə əməkdaşlığa önəm verdiklərini və qısa zamanda bu əlaqələrin prioritet istiqamətlərinin müəyyənləşdiriləcəyini bildirib.

“Millers Oils LTD” şirkətinin nümayəndələri AMEA-nın Yüksək Texnologiyalar Parkında (YTP) istehsal prosesi ilə tanış olublar. Qonaqlara YTP-nin fəaliyyət istiqamətləri barədə məlumat verilib. Bildirilib ki, bu qurumun əsas vəzifəsi elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni texnoloji proseslərin mənimsənilməsi, eyni zamanda, neft-kimya və texniki təyinatlı məhsulların istehsal edilməsidir. YTP-də müxtəlif mühərrik, kompressor və hidravlik yağlar, plastik sürtgü materialları kimi 45 adda innovativ məhsul istehsal olunur. Burada istehsal prosesinin keyfiyyət, ətraf mühit, peşə təhlükəsizliyi və əməyin mühafizəsi üzrə idarəetmə sistemlərinin yüksək standartlara cavab verməsini təsdiqləyən ISO sertifikatları alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.