ELM VƏ TEXNOLOGİYA


Azərbaycan Milli Elmlər Akademiyası ilə “AzerGold ” arasında memorandum imzalanıb

A+ A

Bakı, 10 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti filiz yataqlarının geologiyası və dağ-mədən tədqiqatları sahəsində əməkdaşlıq edəcək.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə akademiyanın rəyasət heyətində təşkil olunan tədbirdə tərəflər arasında memorandum imzalanıb.

Sənədi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və səhmdar cəmiyyətin idarə heyətinin sədri Zakir İbrahimov imzalayıblar.

Razılığa əsasən, alim və mütəxəssislər Azərbaycan ərazisindəki filiz yataqlarının geoloji-geofiziki tədqiqini birgə aparacaqlar. Sənəddə elmi-tədqiqat, təhsil və innovasiya sahələrində iş birliyinin möhkəmləndirilməsi, layihə və inkişaf proqramlarının həyata keçirilməsi və dağ-mədən sahəsində ixtisaslaşmış insan resurslarının formalaşdırılması nəzərdə tutulur. Bunun üçün qarşılıqlı məsləhət və texniki təlim xidmətləri təşkil ediləcək, birgə elmi-praktik konfranslar və görüşlər keçiriləcək.

Bütün bu işlər üçün tərəflər texniki, maliyyə və kadr imkanlarını səfərbər edəcəklər. Bu mənada “AzerGold” QSC-nin GGİ-nin kadr potensialı və maddi-texniki bazasından faydalanması, analitik laboratoriyalarından yararlanması, həmçinin institutun şirkət üçün gənc mütəxəssislər hazırlamaq istiqamətində köməyi də memorandumda əksini tapıb. Sənəddə, həmçinin “AzerGold” QSC-nin kəşfiyyat sahələrində və dağ-mədən müəssisələrində tədqiqatlar aparmaq üçün AMEA-nın gənc alim və mütəxəssislərinə şərait yaratması məsələsi də nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.