ELM VƏ TEXNOLOGİYA


Azərbaycan Milli Elmlər Akademiyası ilə Estoniya Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb

A+ A

Tallin, 29 oktyabr, AZƏRTAC

Estoniya Elmlər Akademiyasının (EEA) dəvəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 27-28-də bu ölkədə səfərdə olub.

Azərbaycanın Estoniyadakı səfirliyindən verilən məlumata görə, səfərin ilk günü - oktyabrın 27-də nümayəndə heyəti Tallin Texniki Universitetində bu ali təhsil müəssisəsinin tədqiqatlar üzrə prorektoru Renno Veinthal ilə görüşüb. Azərbaycan nümayəndə heyəti üçün Universitetdə müxtəlif sahələrdə aparılan tədqiqat layihələri üzrə xüsusi təqdimatlar keçirilib.

Həmin gün Estoniya Elmlər Akademiyasında AMEA və EEA arasında elmi əməkdaşlıq haqqinda sazişin imzalanması mərasimi keçirilib.

Sənədi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və EEA-nın prezidenti Tarmo Soomere imzalayıblar.

Tədbirdə Azərbaycanın Estoniyadakı səfiri Murad Nəcəfbəyli, EEA-nın üzvləri və ölkənin digər görkəmli alimləri iştirak ediblər.

Sonda akademik A.Əlizadə estoniyalı həmkarına AMEA-nın 70 illiyinə həsr olunan yubiley medalını hədiyyə edib, akademiyanın tarixi, aktual elmi layihələri barədə tədbir iştirakçilarına geniş məlumat verib və EEA-nın prezidentini Azərbaycana səfərə dəvət edib.

T.Soomere həmkarına dəyərli hədiyyə üçün təşəkkürünü bildirib, Estoniya Elmlər Akademiyasında azərbaycanlı həmkarları ilə görüşdən şərəf duyduqlarını və son dörd ildə burada belə təntənəli mərasimin keçirilmədiyini qeyd edib.

İmzalanmış sazişin uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu söyləyən T.Soomere rəhbərlik etdiyi elmi qurumun fəaliyyəti və nailiyyətləri, habelə EEA-nın yerləşdiyi binanın tarixi barədə danışıb.

Daha sonra tədbir iştirakçıları EEA-nın binasını gəzib, buradakı şəraitlə tanış olublar.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin Tallin Universitetində olub, bu ali məktəbin tədqiqatlar üzrə prorektoru xanım Katrin Niglas ilə görüşüb, bu təhsil ocağının fəaliyyəti ilə tanış olublar.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Tallin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.