ELM VƏ TƏHSİL
Azərbaycan Milli Elmlər Akademiyası ilə Xəzər Strateji İnstitutu arasında anlaşma memorandumu imzalanıb
Bakı, 4 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Xəzər Strateji İnstitutu (HASEN) arasında anlaşma memorandumu imzalanıb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, memorandumda ixtisas təkmilləşdirmə proqramları hazırlamaq, kadr və distant təcrübə mübadiləsi aparmaq, məlumat bazalarından ikitərəfli istifadəni təmin etmək, birgə elmi məqalələr, materiallar çap etdirmək, milli və beynəlxalq akademik müəssisə nümayəndələrinin də iştirakı ilə müxtəlif tədbirlərin təşkili nəzərdə tutulur.
İkitərəfli əməkdaşlığı inkişaf etdirmək, hər iki müəssisənin səyləri nəticəsində elmi fəaliyyəti genişləndirmək, həmçinin mühüm tədqiqatlara nail olmaq məqsədi daşıyan görüşdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan elminin hazırkı vəziyyətindən söz açıb. AMEA-nın rəhbəri ölkəmizdə müasir istiqamət kimi yeni tədqiqatlar aparmağa, beynəlxalq təşkilatlarla əlaqələr qurmağa və yüksəkixtisaslı kadr hazırlığı həyata keçirməyə ayrılan diqqət və qayğıdan danışıb.
Sonra HASEN-in baş katibi Haldun Yavaş təmsil etdiyi qurum barədə məlumat verib. Bildirilib ki, 2012-ci ildə təsis olunan tədqiqat mərkəzinin əsas fəaliyyəti beynəlxalq münasibətlər, təhlükəsizlik, iqtisadiyyat, təhsil, mədəniyyət və ətraf mühitin mühafizəsi istiqamətlərində strateji təkliflər irəli sürməkdir. Bir neçə dəfə Bakıya səfər etdiyini deyən baş katib Türkiyə-Azərbaycan münasibətlərini möhkəmləndirmək məqsədilə müxtəlif qurumlarda görüşlər keçirmək niyyətində olduğunu bildirib, bu istiqamətdə həyata keçirdikləri layihələrdən danışıb. Görüşün onun üçün böyük əhəmiyyət daşıdığını söyləyən qonaq qarşılıqlı əlaqələr sayəsində araşdırma imkanlarının genişlənəcəyini vurğulayıb.