ELM VƏ TƏHSİL


Azərbaycan Milli Elmlər Akademiyası rəyasət heyətinin iclasında bir sıra məsələlər müzakirə edilib

Bakı, 5 iyul, P.İmanova, AZƏRTAC

İyulun 5-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələlər barədə məlumat verib.

Sonra AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevin, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevin və texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərovun həmmüəllifi olduqları “Big Data və superkompüter texnologiyaları: çağırışlar, problemlər və vəzifələr” mövzusunda elmi məruzə dinlənilib.

Məruzə ilə çıxış edən akademik R.Əliquliyev Big Data-nın XXI əsrin qlobal çağırışlarından biri olduğunu, müasir İKT-nin müxtəlif fəaliyyət sahələrinə geniş tətbiqinin ifrat dərəcədə informasiya seli yaradaraq Big Data problemini meydana gətirdiyini bildirib.

Qeyd edilib ki, Big Data-nın analizi və onlardan yeni biliklərin əldə olunması zərurəti Azərbaycan elmi qarşısında aktual və həlli çətin olan multidissiplinar elmi problemlər qoyub.

R.Əliquluyev Big Data, Data Science, proqram mühəndisliyi və superkompüter texnologiyaları sahəsində kadr hazırlığının zəruriliyini önə çəkərək, AMEA-nın magistratura və doktoranturasında bu sahələr üzrə yüksəkixtisaslı kadrların yetişdirilməsinin vacibliyini qeyd edib. Alim bütün elm sferalarında superkompüter texnologiyalarının dəstəyi ilə Big Data resurslarının analizi, onlardan mühüm əhəmiyyətli biliklərin əldə olunması üçün zəruri tədbirlərin həyata keçirilməsi istiqamətində təkliflər irəli sürüb.

Rəyasət heyəti məruzədə irəli sürülən təkliflər əsasında müvafiq qərar qəbul edib.

İclasda AMEA-nın bəzi elmi müəssisələrində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi qaydaları müzakirə olunub.

A.Əlizadə bildirib ki, akademiyanın nizamnaməsi və “Elm haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinə əsasən, AMEA-nın elmi müəssisə və təşkilatları öz maddi-texniki bazalarını möhkəmləndirmək, əməkdaşlarının sosial-məişət şəraitini yaxşılaşdırmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər. Qeyd edilənlər nəzərə alınmaqla rəyasət heyəti tərəfindən AMEA-nın muzeylərinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi qaydaları təsdiqlənib.

Vurğulanıb ki, muzeylərdə həyata keçirilən sahibkarlıq fəaliyyəti bu Qaydalara edilmiş əlavələr, eləcə də fiziki və hüquqi şəxslər arasında bağlanmış mülki-hüquqi müqavilələr əsasında müəyyənləşdirilir.

İclasda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC)100 illik yubileyinin keçirilməsinə dair AMEA-nın Tədbirlər planı təsdiqlənib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan xalqının ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxladığını, ümummilli lider Heydər Əliyevin respublikada uğurla həyata keçirdiyi siyasətin xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdiyini, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularını gücləndirdiyini söyləyib.

Akademik qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” müvafiq Sərəncamın imzalanması bu siyasətin davamı olaraq milli dövlətçilik ənənələrinə diqqət və qayğının göstəricisidir.

Rəyasət heyəti dövlət başçısının müvafiq Sərəncamının icrasından irəli gələn məsələlərin həlli və AXC-nin 100 illiyinin layiqincə qeyd olunması məqsədilə AMEA-nın Tədbirlər planının təsdiqlənməsi barədə qərar qəbul edib.

İclasda, həmçinin AMEA-nın Mərkəzi Elmi Kitabxanasının nizamnaməsinə qismən dəyişiklik edilməsi ilə bağlı qərar qəbul olunub.

Daha sonra bir sıra elmi təşkilati və kadr məsələlərinə baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.