SİYASƏT
Azərbaycan Milli Elmlər Akademiyası rəyasət heyətinin növbəti iclası keçirilmişdir VİDEO
Bakı, 7 may (AZƏRTAC). Mayın 7-də Azərbaycan Milli Elmlər Akademiyası rəyasət heyətinin növbəti iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbiri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış etmişdir.
Akademik əvvəlcə AMEA-nın Aşqarlar Kimyası İnstitutunun innovativ nailiyyətlərindən söz açmışdır.
Bununla bağlı institutun direktoru, akademik Vaqif Fərzəliyevin məruzəsi dinlənilmişdir. Qeyd olunmuşdur ki, institut tərəfindən müasir və perspektiv tələblərə cavab verən aşqarların yaradılması, onların əsasında yüksək keyfiyyətli, xüsusi təyinatlı sürtkü və yanacaq kompozisiyaları və digər xüsusi mayelərin işlənib hazırlanması sahəsində araşdırmalar aparılır. Elmi nəticələr istehsalatın neftçıxarma, neft-kimya, neft emalı sənayesi, maşınqayırma və metal emalı sahələri ilə əlaqədardır.
Müzakirələrdən sonra məruzə rəyasət heyətinin qərarı ilə bəyənilmiş, elmi-tədqiqat işlərini “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun aparmaq və innovativ texnologiyaların tətbiqi istiqamətində lazımi işlər həyata keçirmək tövsiyə olunmuşdur.
İclasda, həmçinin bildirilmişdir ki, AMEA-nın Birləşmiş Veteranlar Şurası akademiyanın 70 illik yubileyi ərəfəsində bir sıra tədbirlər həyata keçirəcəkdir.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən təsdiq edilmiş “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununu xatırlatmış, şuranın bu sənəddən irəli gələn vəzifələri yerinə yetirərək öz fəaliyyətini əhəmiyyətli dərəcədə gücləndirdiyini vurğulamışdır. 2015-ci il aprelin 17-də Bakıda “Böyük Vətən müharibəsinin qələbəsində SSRİ alimlərinin rolu” mövzusunda Beynəlxalq konfransın keçirilməsi AMEA-ya və Respublika Veteranlar Şurasına həvalə edilmişdir.