ELM VƏ TƏHSİL
AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin hesabatları dinlənilib
Bakı, 4 mart, AZƏRTAC
Martın 4-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkəmizdə elmin inkişafına böyük əhəmiyyət verildiyini vurğulayıb, gündəlikdəki məsələləri diqqətə çatdırıb.
Sonra AMEA-nın Naxçıvan Bölməsinin 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti barədə hesabat dinlənilib. Bölmənin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, hesabat ilində müvafiq Dövlət proqramları bölmə institutlarının fəaliyyətində əsas götürülüb. Hesabat ilində bölmədə aparılan tədqiqatlardan danışan akademik İ.Hacıyev perspektiv istiqamətlər üzrə mühüm nəticələrin əldə olunduğunu vurğulayıb.
Bildirilib ki, bölmənin müəssisələrində altı elmi istiqamət üzrə altı problemi əhatə edən yeddi mövzuda 32 elmi-tədqiqat işinin aparılması nəzərdə tutulub və 10 mühüm elmi nəticə əldə olunub. Bölmə institutlarında dörd fəlsəfə doktorluğu üzrə dissertasiya işi müdafiə edilib. Bu il bölmə əməkdaşlarından bir nəfər AMEA-nın həqiqi üzvü, üç nəfər müxbir üzvü seçilib, bir nəfər professor, 13 nəfər isə dosent elmi adı alıb. Hazırda bölmənin institutlarında 23 doktorant və 25 dissertant müvafiq dissertasiya mövzuları üzrə fəaliyyət göstərir.
Elmi nəşrlərlə bağlı statistik məlumatlar da diqqətə çatdırılıb. Qeyd olunub ki, ötən il bölmənin elmi müəssisələrində çalışan əməkdaşların 22 monoqrafiyası, yeddi kitabı və bir dərs vəsaiti, 468 məqalə və konfrans materialı, üçü tezis olmaqla 501 elmi əsəri nəşr edilib. Bu əsərlərdən üç monoqrafiya, bir kitab, 169 məqalə və konfrans materialı xaricdə çapdan çıxıb, məqalələrdən 10-u impakt faktorlu jurnallarda nəşr olunub.
Sonra AMEA-nın Gəncə Bölməsinin 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti barədə məruzə dinlənilib. Bölmənin sədri, akademik Fuad Əliyev bildirib ki, bölgədəki təbii sərvətlərin səmərəli istifadəsi, ekoloji problemlərin həlli üçün təkrar emal texnologiyalarının işlənib hazırlanması istiqamətində elmi tədqiqat işləri görülüb.
Diqqətə çatdırılıb ki, hesabat ilində bölmənin müəssisələrində 26 mövzuya daxil olan 31 iş 16 mərhələdə yerinə yetirilib, üç mühüm elmi nəticə əldə edilib. Bölmənin elmi müəssisə və təşkilatlarında çalışan əməkdaşlardan bir nəfər AMEA-nın həqiqi üzvü, bir nəfər isə müxbir üzvü seçilib.
Ötən il Gəncə Bölməsi Gənc Alim və Mütəxəssislər Şurası üzvlərinin dünyanın 21 ölkəsində 74 elmi əsəri dərc olunub. Əməkdaşlar tərəfindən 19 kitab, 24-ü impakt faktorlu jurnallarda olmaqla 138 məqalə və doqquz tezis çap etdirilib.
Akademik F.Əliyev bölmənin beynəlxalq əlaqələrinin genişləndiyini də diqqətə çatdırıb.
İlk dəfə ən müasir informasiya texnologiyalarından istifadə etməklə Naxçıvan və Gəncə bölmələrinin internet vasitəsilə audiovizual formada birbaşa bağlandığı iclas AMEA-nın rəyasət heyəti tərəfindən yüksək qiymətləndirilib. Bildirilib ki, bu cür elektron resurslardan istifadə Azərbaycan elminin ən son texnoloji yeniliklərə verdiyi önəmin göstəricisidir.
Onlayn müzakirə şəklində keçən hesabatlarda hər iki bölmənin əməkdaşları canlı bağlantı vasitəsilə sual-cavabda iştirak ediblər.
Sonra AMEA rəyasət heyətinin qərarı ilə hesabatlar təsdiq olunub.
İclasda müzakirə edilən məsələlərdən biri də AMEA-nın www.science.az veb-portalının yeni versiyasının istismara verilməsi barədə olub. Bildirilib ki, AMEA-nın 1995-ci ildə istifadəyə verilən rəsmi veb-portalı 20 ildir uğurla fəaliyyət göstərir. Sayt informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı şəraitində qloballaşan və virtuallaşan müasir dünyada Azərbaycan elminin informasiya təminatında mühüm rol oynayır. Portalın əsas məqsədi akademiya haqqında müvafiq informasiyaların, onun çoxşaxəli fəaliyyətinin Azərbaycan və dünya ictimaiyyətinə çatdırılması, həmçinin AMEA-nın əməkdaşlarının beynəlxalq elmi informasiya məkanı ilə əlaqələrinin təmin edilməsidir.
Vurğulanıb ki, son zamanlar AMEA-da aparılan islahat və struktur dəyişiklikləri, AMEA rəyasət heyətinin yeni korporativ üslubunun formalaşdırılması, həmçinin yeni texnologiyaların meydana gəlməsi portalın daha da təkmilləşdirilməsi zərurətini meydana çıxarıb. Bu zərurətdən irəli gələrək AMEA rəyasət heyətinin “AMEA rəyasət heyətinin informasiyalaşdırılmasına dair Fəaliyyət Planı”nda digər məsələlərlə yanaşı, www.science.az portalının yeni versiyasının hazırlanması da nəzərdə tutulub. Rəyasət heyəti saytın yeni versiyasının fəaliyyəti ilə bağlı qərar qəbul edib.
İclasda AMEA-nın 70 illik yubileyi ilə əlaqədar nəşrlərin icra vəziyyəti, elm və təhsil idarəsinin Əsasnaməsi və strukturu, AMEA-da fəlsəfə doktoru hazırlığı üzrə xarici dil biliklərinin keyfiyyətinin yüksəldilməsinə dair tədbirlər və digər məsələlər barədə də müzakirələr aparılıb.
AMEA-nın vitse prezidenti, akademik İsa Hənbibbəyli, akademik-katibi, akademik Rasim Əliquliyev və digər alimlər çıxış edərək fikirlərini bildiriblər.