ELM VƏ TƏHSİL
Azərbaycan Milli Elmlər Akademiyasında gənclərə böyük diqqət və qayğı göstərilir
Bakı, 7 fevral, AZƏRTAC
Fevralın 7-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri ilə görüşüb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə institutun direktoru, akademik İradə Hüseynova Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb, müstəqilliyimizin və dövlətçiliyimizin daha da möhkəmləndirilməsində gənclərin rolundan bəhs edib. O, ölkəmizdə Gənclər Gününün elan olunmasının tarixinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu xatırladıb. Qeyd edilib ki, Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyulub.
Akademik rəhbərlik etdiyi müəssisənin gənc alim və mütəxəssislərinin uğurlarından söz açıb. Vurğulanıb ki, müxtəlif illərdə elm nominasiyası üzrə “Gənclər üçün Prezident Mükafatı”na AMEA-dan təqdim olunan namizədlər sırasında institutun gəncləri də olub.
F.Salmanov institutda yeni yaradılan şuranın fəaliyyətini yüksək dəyərləndirib. Rəhbərlik etdiyi qurumun 2017-ci il üçün fəaliyyət planı haqqında məlumat verən şura sədri bildirib ki, cari ildə Texnostart - 2017 və digər layihələrin reallaşdırılması nəzərdə tutulur. Əsas məqsəd AMEA-nın elmi müəssisələrində çalışan gənc alim, magistr, doktorant və dissertantların elmi fəaliyyətlərinə dəstək olmaq, onların innovativ elmi tədqiqatlar sahəsindəki təşəbbüslərini stimullaşdırmaqdır.