ELM VƏ TƏHSİL
Azərbaycan Milli Elmlər Akademiyasında musiqili lektoriyalara başlanılıb
Bakı, 10 yanvar, P.İmanova, G.Mahmudlu, AZƏRTAC
Yanvarın 10-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bu qurumun Alimlər Evinin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Musiqi məbədindən elm məbədinə” adlanan birgə layihəsi çərçivəsində “Üzeyir Hacıbəyli – görkəmli bəstəkar, alim, şəxsiyyət” mövzusunda musiqili lektoriya təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Alimlər Evinin direktoru Nuridə Quliyeva görkəmli bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunan musiqili lektoriyanın akademiyada ilk dəfə təşkil edildiyini bildirib. O bu cür tədbirlərin ictimaiyyət üçün vacibliyini vurğulayib, musiqili lektoriyaların gələcəkdə də təşkil ediləcəyini söyləyib.
BMA-nın professoru Ceyran Mahmudova “Üzeyir Hacıbəyli - görkəmli bəstəkar, alim, şəxsiyyət” mövzusunda mühazirə ilə çıxış edib. C.Mahmudova dahi bəstəkarın həyat və fəaliyyəti, çoxşaxəli yaradıcılığı, ərsəyə gətirdiyi sənət inciləri barədə məlumat verib. Ü.Hacıbəylinin həm də Azərbaycanda musiqi təhsilinin banilərindən olduğunu vurğulayan məruzəsi görkəmli bəstəkarın musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərini xüsusi qeyd edib.
Nəzərə çatdırılıb ki, böyük istedada malik sənətkar yeni musiqi formalarının, həmçinin operanın və operettanın əsasını qoyub. Ömrünü Azərbaycan musiqi elminin, ədəbiyyatının və mədəniyyətinin inkişafına həsr edən alim bir çox musiqi və dram əsərləri, felyetonlar, elmi-publisistik məqalələr, dərsliklər yazıb, tərcümələr edib, ictimai işlərdə fəal çalışıb.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə musiqili lektoriyanın akademiyada ilk dəfə təşkil edildiyini bildirib, tədbirin keçirilməsinin məqsədinin musiqi sahəsində fəaliyyət göstərən alimlərin, musiqiçilərin təcrübəsini paylaşmaq, bu sahəyə maraq göstərən insanların biliklərini daha da zənginləşdirmək olduğunu söyləyib.
Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli zəngin həyat yolu keçmiş bəstəkarın elmi-pedaqoji fəaliyyəti, musiqi elminin inkişafındakı xidmətlərindən və ədəbi irsinin əhəmiyyətindən danışıb.
Daha sonra BMA-nın tələbə və məzunları Ü.Hacıbəylinin yaradıcılığından nümunələr səsləndiriblər.