ELM VƏ TƏHSİL
Azərbaycan Milli Elmlər Akademiyasının beynəlxalq əlaqələri genişlənir
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə “EaZy Solutions” şirkətinin səlahiyyətli nümayəndəsi ilə görüşüb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə akademik A.Əlizadə bu qurum ilə “EaZy Solutions” şirkəti arasında əməkdaşlığın perspektivlərindən söz açıb.
AMEA-nın rəhbəri elektron nəşrlərdən istifadənin Azərbaycan alimləri üçün faydalı olacağını qeyd edib, müasir dünyanın tələblərinə uyğun ən son elmi nailiyyətlərə dair kitab, jurnal və digər nəşrlərin alimlərimiz üçün vacib olduğunu vurğulayıb.
Qonaq görüşə və ikitərəfli əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirib. Vurğulanıb ki, “EaZy Solutions” şirkəti “Cambridge University Press”, “De Gruyter”, “JSTOR” və digər aparıcı nəşriyyat və yayım evləri ilə qarşılıqlı şəkildə fəaliyyət göstərir, onların məhsullarını, xidmətlərini dünyanın bir çox universitet və elmi müəssisələrinə təqdim edir.
Görüşdə bu nəşriyyatların xidmət və məhsullarına tələbatı öyrənmək, eləcə də respublikada bu istiqamətdə görülən işləri müzakirə etmək üçün bu ilin oktyabrında “dəyirmi masa”nın keçirilməsi barədə razılıq əldə olunub. Yerli və xarici mütəxəssislərin iştirakı ilə təşkil olunacaq görüşdə beynəlxalq nəşriyyatların bazalarına giriş, onların nəşrlərində məqalələrin dərci, həmçinin onlardan səmərəli istifadə və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.