ELM VƏ TƏHSİL
Azərbaycan Milli Elmlər Akademiyasının beynəlxalq əlaqələri genişlənir
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) “ALİCE” Təcrübəsinin sədri, professor Paolo Ciubellinonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, görüşün əsas məqsədi AMEA ilə CERN arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.
Akademik Akif Əlizadə qonaqlara akademiyanın strukturu və əsas fəaliyyət istiqamətləri barədə məlumat verib, AMEA ilə CERN arasında mövcud əməkdaşlıq əlaqələrindən danışıb. Nüvə tədqiqatları sahəsində Avropa təcrübəsinin Azərbaycanlı alimlər üçün maraqlı olduğunu söyləyən AMEA-nın rəhbəri ikitərəfli əməkdaşlığın bundan sonra da səmərəli olacağına əminliyini ifadə edib.
Professor Paolo Ciubellino Avropa Nüvə Tədqiqatları Mərkəzinin fəaliyyəti və Azərbaycanla əlaqələri, eləcə də mərkəzin “ALİCE” Təcrübəsi barədə ətraflı məlumat verib.
Görüşdə AMEA və CERN arasında niyyət protokolunun hazırlanması üçün razılıq əldə edilib.