RƏSMİ SƏNƏDLƏR


Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Ədilə Namazovaya

A+ A

Hörmətli Ədilə xanım!

Sizi – Azərbaycan tibb elminin və təhsilinin görkəmli nümayəndəsini 90 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, səadət və işlərinizdə yeni-yeni uğurlar arzulayıram.

60 ildən artıq bir dövr ərzində Siz elm, təbabət və təhsili üzvi şəkildə birləşdirərək həm alim və müəllim kimi, həm də uşaqların sağlamlığını qoruyan bir həkim kimi böyük uğurlar əldə etmisiniz. Siz öz nəcib fəaliyyətinizlə uzun illər ərzində Azərbaycanda uşaq təbabətinin inkişafında əvəzsiz rol oynamısınız. Apardığınız çoxşaxəli tədqiqatlarla Siz ölkəmizdə və beynəlxalq aləmdə böyük hörmət qazanmısınız.

Azərbaycan Tibb Universitetinin tibb və səhiyyə sahəsində nüfuzlu mərkəz kimi formalaşmasında, sözsüz ki, Sizin kimi alimlərin böyük əməyi vardır. Neçə nəsil pediatr həkimlərin yetişdirilməsində bilavasitə iştirak edərək Siz daim yüksək ixtisaslı kadrların hazırlanması prosesinə layiqli töhfələr vermisiniz. Azərbaycanda uşaqların sağlamlığının keşiyində duran minlərlə insan böyük qürur hissi ilə vaxtilə tələbəniz olduğunu xatırlayır. Sizin vətəndaş mövqeyiniz və aktiv ictimai fəaliyyətiniz də təqdirəlayiqdir.

Bu gün Siz, ömrünüzün müdriklik çağında yenə də zəngin təcrübənizi və yüksək elmi potensialınızı səhiyyəmizin inkişafı naminə səfərbər edirsiniz. Ümidvaram ki, bundan sonra da insanların sağlamlığının qorunması üçün öz qüvvə və bacarığınızı əsirgəməyəcəksiniz.

Ən xoş arzularla

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 sentyabr 2016-cı il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır