ELM VƏ TƏHSİL
Azərbaycan Milli Elmlər Akademiyasının institutlarının maddi-texniki bazası gücləndirilir
Bakı, 13 oktyabr, AZƏRTAC
Son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) mühüm islahatlar həyata keçirilir, akademiyanın maddi-texniki bazası gücləndirilir, AMEA-nın elmi müəssisələrinin strukturları yenilənir, tədqiqat işlərinin effektiv mexanizmlər üzərində qurulması təmin edilir. Bu sahədə AMEA Botanika İnstitutunda da mühüm addımlar atılır.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin maddi-texniki bazasının təchizatını inkişaf etdirmək məqsədilə BMT-nin Regionlararası Cinayət və Hüquq Tədqiqatları İnstitutunun (UNİCRİ) “Cənubi Qafqazda və Mərkəzi Asiya ölkələrində Biomüdafiə və Biotəhlükəsizlik imkanlarının gücləndirilməsi” proqramı çərçivəsində 2015-ci ildə molekulyar bioloji tədqiqatların aparılması üçün lazım olan müxtəlif avadanlıqlar alınıb. Bu müasir avadanlıqlar virus və fitoplazma xəstəliklərinə yoluxmuş çoxlu sayda müxtəlif bitki nümunələrinin tez molekulyar diaqnostikasını və identifikasiyasını, PZR-məhsulların kapilyar elektroforezlə daha tez və dəqiq analizini həyata keçirməyə imkan verir. Eyni zamanda, AMEA xətti ilə ilin bütün fəsillərində temperatur, rütubət və işıqlandırmanı tənzimləməklə bitki yetişdirməyə imkan verən xüsusi bitki yetişdirmə kamerası (Growing-chamber) alınıb.