ELM VƏ TƏHSİL
Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul qaydaları barədə məlumat verilib
Bakı, 4 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində AMEA-nın magistraturasına qəbul aparılan ixtisaslaşmalar, müsabiqə şərtləri və təşkil olunacaq müsahibələrlə bağlı görüş keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə bu qurumda magistratura təhsilinin yaradılmasının elm və təhsilin inteqrasiyası sahəsində ən mühüm nailiyyətlərdən olduğunu söyləyib, bu işin 2014-cü ildə bilavasitə ölkə rəhbərliyinin dəstəyi ilə reallaşdırıldığını diqqətə çatdırıb.
Akademik AMEA-nın 2015-2016-cı tədris ili üçün magistratura təhsilini həyata keçirəcəyini bildirib, magistratura qəbuluna hazırlaşan institut rəhbərlərinə tövsiyələrini verib.
AMEA rəyasət heyəti aparatı elm və təhsil idarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov akademiyanın magistraturasına qəbul aparılan ixtisaslaşmalar, müsabiqə şərtləri və keçiriləcək müsahibələr barədə məlumat verib. Bildirilib ki, 2015-2016-cı tədris ili üçün akademiyanın magistratura təhsilini həyata keçirəcək yeddi institutunda magistratura səviyyəsinin ixtisaslaşmalarına qəbul olunmaq istəyən bakalavrlar ixtisaslaşma seçimi etməzdən əvvəl AMEA-da müsahibədən keçməlidirlər. Bu məqsədlə, magistraturaya qəbul olunmaq istəyən bakalavrlar üçün müsahibə təşkil ediləcək. AMEA-nın magistraturasına bakalavrların seçilməsi üçün institutlarda yaradılmış müsahibə komissiyaları prosesə nəzarət edəcək. Müsahibədə iştirakçılara institutların fəaliyyət istiqamətləri və potensial imkanları barədə məlumat da veriləcək.
Qeyd edilib ki, qəbul aparılan ixtisaslaşmalar, müsabiqə şərtləri, müsahibənin keçiriləcəyi tarix və ünvanlar barədə məlumatlar AMEA-nın və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi saytlarında yerləşdirilib. Müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılacaq. Tələbə qəbulu yalnız dövlət sifarişi əsasında aparılır və təhsil əyani formada həyata keçirilir.
Tədbirdə AMEA-nın magistraturaya qəbul elanını əks etdirən videoçarx göstərilib, iştirakçıların sualları cavablandırılıb.