ELM VƏ TƏHSİL
Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində “Xızı” Aqroparkı təsis edilib
AMEA rəyasət heyəti mərkəzi aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu barədə qərar sentyabrın 17-də akademiyanın rəyasət heyətinin iclasında qəbul olunub.
Müəssisə “Əngilan” Kənd Təsərrüfatı-İstehsalat Kompleksinin fəaliyyətinin yenidən bərpası məqsədilə təşkil edilir.
Xızı rayonunun Əngilan kəndində yerləşən aqroparkın fəaliyyəti elmi tədqiqatların potensialından faydalanaraq respublikada kənd təsərrüfatı məhsulları istehsal etmək və onların çeşidini artırmaqdan ibarət olacaq. Burada yeni iş yerləri açılacaq, AMEA-nın işçiləri və əhalinin ərzaq məhsullarına tələbatı ödəniləcək.
Aqropark akademiyanın aidiyyəti elmi müəssisə və təşkilatları ilə əlaqəli fəaliyyət göstərəcək və onların elmi-tədqiqat işləri aparmasına şərait yaradacaqdır.
İclasda “Xızı” Aqroparkının fəaliyyəti ilə bağlı digər zəruri tədbirlərin də icrası haqqında fikirlər səsləndirilib. Müəssisənin nizamnaməsi qərarla təsdiq edilib.