SİYASƏT
Azərbaycan Milli Məclisinin nümayəndə heyəti ölkəmizin Gürcüstandakı səfirliyində olub
Tbilisi, 7 oktyabr, AZƏRTAC
Gürcüstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Tbilisidə səfərdə olan Azərbaycan Milli Məclisinin nümayəndə heyəti oktyabrın 7-də ölkəmizin Gürcüstandakı səfirliyində olub.
Səfir Azər Hüseyn Azərbaycan ilə Gürcüstan arasındakı dostluq əlaqələrinin inkişaf perspektivləri, bu ölkədə yaşayan azərbaycanlıların gürcü ictimaiyyətinə inteqrasiyası barədə söhbət açıb. Qeyd edib ki, Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşdırlar.
Görüşdə oktyabrın 8-də Gürcüstan parlamentinə keçiriləcək seçkiləri müşahidə etmək üçün Azərbaycan Milli Məclisinin deputatlarının, eləcə də AŞPA, GÜAM və digər nüfuzlu beynəlxalq təşkilatlardakı üzvlərinin bu seçkiləri izləməsi çox yüksək dəyərləndirilib.
Söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə olunub, seçkilərdən sonra bu əlaqələrin yeni müstəvidə daha da inkişaf edəcəyinə əminlik ifadə olunub.
Qeyd edək ki, Milli Məclisin deputatları Sabir Hacıyev AŞPA-nın, Əli Məsimli GUAM PA-nın müşahidəçilər qrupunun tərkibində, Əflatun Amaşov və Hikmət Məmmədov isə Azərbaycanı təmsil edən nümayəndə heyətinin xətti ilə seçki prosesini izləyəcəklər.
Deputatlarımız müxtəlif seçki məntəqələrində olacaq, səsvermənin gedişinə, vətəndaşların fəallığına diqqət yetirəcəklər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi