İDMAN
Azərbaycan Milli Olimpiya Komitəsinin yeni sağlamlıq meydançasının təqdimatı olmuşdur VİDEO
Bakı, 2 may (AZƏRTAC, Əziz Məmmədov). Mayın 2-də Dənizkənarı Milli Parkın (Bakı bulvarı) ərazisində Bakı sakinləri üçün açıq havada yeni sağlamlıq meydançasının təqdimatı olmuşdur. İdman qurğusu Azərbaycan Milli Olimpiya Komitəsinin təşəbbüsü, “Baltika-Bakı” şirkətinin dəstəyi ilə yaradılmışdır.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK), Milli Paralimpiya Komitəsinin, “Baltika-Bakı” şirkətinin, Dənizkənarı Milli Park İdarəsinin nümayəndələri, tanınmış idmançılar, jurnalistlər iştirak etmişlər.
Azərbaycan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirmişdir ki, hazırda Azərbaycan dünyanın aparıcı idman dövlətlərindən birinə çevrilmişdir. Ölkədə beynəlxalq səviyyəli müxtəlif idman yarışları keçirilir. O bildirmişdir ki, ümumi sahəsi 550 kvadratmetr olan sağlamlıq meydançasının ərazisində 15 trenajor yerləşdirilmişdir. Bu trenajorlar Bakının bütün sakinləri üçün nəzərdə tutulmuşdur. O demişdir: “Dənizkənarı bulvarda yaradılmış sağlamlıq meydançası MOK-un paytaxt sakinlərinə hədiyyəsidir. Meydançanın universal olması onun üstünlüklərindən biridir. Meydançadan istər 12 yaşından böyük olan uşaqlar, istər yaşlılar, istər professional idmançılar, istərsə də idmanla yeni məşğul olanlar istifadə edə bilərlər. Sağlamlıq meydançasını inşa edərkən fiziki imkanları məhdud olan şəxsləri də unutmamışıq. Onlar üçün meydançada 2 xüsusi trenajor qoyulmuşdur. Əlil arabasından istifadə edən vətəndaşlar isə xüsusi girişdən keçib meydançaya gələ bilərlər”.
“Baltika-Bakı” şirkətinin baş direktoru Sergey Tolmaçov bildirmişdir ki, başçılıq etdiyi şirkət sosial məsuliyyətli qurum kimi fəaliyyət göstərdiyi regionlarda xeyriyyəçiliklə məşğul olur, sponsor yardımı göstərir, o cümlədən idmanın inkişafına kömək edir. O demişdir: “İstərdik ki, yeni idman meydançası Bakı sakinlərinin sağlamlıqları üçün faydalı vaxt keçirə biləcəkləri məkana çevrilsin. İdman sağlamlıqdır”.
Dənizkənarı Milli Park İdarəsi rəisinin müavini Nazim Məcidov, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti Şaiq Həmidov və digər natiqlər paytaxt sakinlərinə göstərdikləri diqqət və qayğıya görə təşkilatçılara minnətdarlıqlarını bildirmişlər.
Çingiz Hüseynzadə rəmzi qırmızı lenti kəsdikdən sonra sağlamlıq meydançası ilə tanışlıq olmuşdur.