İQTİSADİYYAT


Azərbaycan Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi başa çatıb

A+ A

Bakı, 9 fevral, AZƏRTAC

Azərbaycanın Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, fevralın 9-da Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsinin yekunları ilə bağlı görüş keçirilib. Görüşdə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla həyata keçirilən islahatlardan danışıb, rəsmi statistikanın təkmilləşdirilməsi məqsədilə son dövrlərdə görülmüş işlər haqqında ətraflı məlumat verib. Tahir Budaqov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanlarının icrası olaraq, Dayanıqlı İnkişaf Məqsədlərinə dair, eləcə də milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində qarşıya qoyulmuş hədəflərlə bağlı statistik məlumatların işlənilməsi üçün Dövlət Statistika Komitəsi tərəfindən bütün zəruri tədbirlər görülür. Bu istiqamətdə həyata keçirilən əsas işlərdən biri də digər dövlət orqanları tərəfindən öz inzibati vəzifələrinin yerinə yetirilməsi məqsədilə toplanan məlumatların və onların inzibati məlumat reyestrlərinin statistik məlumat bazalarına inteqrasiyasıdır.

Komitə sədri vurğulayıb ki, ekspertlərin verdikləri tövsiyələr milli statistika sistemində baş verən institusional dəyişikliklər, inzibati məlumatlardan istifadə, beynəlxalq standartlara uyğun olaraq rəsmi statistik məlumatların istehsalı və yayılması, keyfiyyət aspektləri və spesifik ehtiyacların qiymətləndirilməsi, strateji planlaşdırma üçün mühüm əhəmiyyət daşıyır.

Məlumat verilib ki, bu il fevralın 6-9-da Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsinin ikinci mərhələsi keçirilib. Qiymətləndirməni həyata keçirən beynəlxalq ekspertlər bu mərhələdə Azərbaycanda kənd təsərrüfatı, sənaye, qiymət, əmək, səhiyyə, həyat keyfiyyəti statistikasının beynəlxalq standartlara uyğunluğu vəziyyətini qiymətləndirməklə yanaşı, Dayanıqlı İnkişaf Məqsədlərinə dair məlumatların əldə edilməsi istiqamətində görülmüş işlərlə tanış olublar, rəsmi statistika məlumatlarının digər istehsalçılarının və biznes cəmiyyətinin nümayəndələri, Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının üzvləri ilə görüşüblər. Regionlarda statistikanın təşkili ilə bağlı görülən işlərlə yerində tanışlıq məqsədilə Qiymətləndirmə Qrupunun üzvləri Şamaxı Rayon Statistika İdarəsinə səfər ediblər.

Avropa Statistika Bürosunun Statistik Əməkdaşlıq Bölməsinin rəhbəri Klaudiya Yunker və Qlobal qiymətləndirmə üzrə baş ekspert Gerry O’Hanlon Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsinin Dövlət Statistika Komitəsi tərəfindən yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıblar. Qiymətləndirmə qrupu milli səviyyədə statistikanın mövcud vəziyyəti və auditin nəticələrinə görə statistikanın gələcək inkişafı ilə bağlı tövsiyələrini verib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.