SİYASƏT


Azərbaycan Minilliyin İnkişaf Məqsədləri üzrə mühüm nailiyyətlər əldə edib

A+ A

Bu fikir Cenevrədə İnsan Hüquqları Günü və İnkişaf Hüququ üzrə Bəyannamənin otuz illiyi münasibətilə keçirilən tədbirdə səslənib

Bakı, 8 dekabr, AZƏRTAC

BMT-nin Cenevrə bölməsində - Millətlər Sarayında Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi və “İnsan Hüquqlarının Təkmilləşdirilməsi və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzi” qeyri-hökumət təşkilatı tərəfindən İnsan Hüquqları Günü və İnkişaf Hüququ üzrə Bəyannamənin otuz illiyi münasibətilə “İnkişaf hüququ 30 il sonra: nailiyyətlər, problemlər və irəliyə doğru yol” mövzusunda panel müzakirələr keçirilib.

Cenevrə Mərkəzinin icraçı direktoru İ.Cezairinin sədrlik etdiyi tədbirdə BMT-nin inkişaf hüququ üzrə işçi qrupunun sədr-məruzəçisi Zamir Əkrəm, Cənub Mərkəzinin maliyyə və inkişaf məsələləri üzrə baş müşaviri Manuel Montes, Antverpen Universitetinin beynəlxalq hüquq şöbəsinin rəhbəri professor Koen de Feyter və BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitəsinin üzvü professor Nikolas Sçrijver çıxışçı qismində iştirak ediblər.

Tədbir Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov və Cenevrə Mərkəzinin İdarə Şurasının sədri Hanif Hassan Ali Al Qassim tərəfindən açılıb.

V.Sadıqov Minilliyin İnkişaf Məqsədləri üzrə Azərbaycanın mühüm nailiyyətlər qazandığını və hazırda milli davamlı inkişaf strategiyasının Davamlı İnkişaf Məqsədləri üzrə 2030 Gündəliyinə uyğunlaşdırıldığını qeyd edib. Bu xüsusda, yeni yaradılmış Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının əsas məqsədinin 2030-cu ilədək qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyən etməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramları və strategiyalarının Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etməkdən ibarət olduğunu bildirib. Daimi nümayəndə, həmçinin inkişaf etməkdə olan ölkələrin üzləşdiyi humanitar və sosial-iqtisadi problemlərin qarşısının alınması istiqamətində beynəlxalq ictimaiyyət tərəfindən görülən tədbirlərdə Azərbaycanın fəal rol oynadığını söyləyib və bu xüsusda, Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi və Heydər Əliyev Fondunun fəaliyyəti barədə məlumat verib.

Tədbirdə çıxış edən nümayəndələr İnkişaf Hüququ üzrə Bəyannamənin yerinə yetirilməsi istiqamətində əldə edilmiş nailiyyətlər, mövcud problemlər və həll vasitələri, eləcə də inkişaf hüququnun həyata keçirilməsi üçün beynəlxalq əməkdaşlığın daha yaxşı təşviq edilməsi yolları barədə fikirlərini bölüşüblər.

Çıxışçı və iştirakçılar arasında aparılan açıq müzakirələrlə davam edən tədbirdə çoxsaylı dövlətlərin, beynəlxalq hökumətlərarası və qeyri-hökumətlərarası təşkilatların, eləcə də akademik dairələrin nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.