ELM VƏ TƏHSİL
Azərbaycan-Misir təhsil əlaqələrinin genişləndirilməsi vacibdir
Bakı, 6 may, P.İmanova, AZƏRTAC
Dördüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan Misir Ərəb Respublikasının ali təhsil və elmi tədqiqat nazirinin birinci müavini Mohamed Hossam əl-Din əl-Sayed əl-Malehi AZƏRTAC-a müsahibəsində ölkələrimiz arasında təhsil sahəsində əlaqələrdən danışıb.
Bakıya ilk dəfə səfər etdiyini söyləyən nazir müavini Forumun çox yüksək səviyyədə təşkil edildiyini bildirib.
Mohamed Hossam əl-Din əl-Sayed əl-Malehi Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ilə görüşdə hər iki ölkə arasında təhsil sahəsində münasibətlərin cari vəziyyətinin və gələcək inkişaf perspektivlərinin, həmçinin universitetlər arasında əlaqələrin və tələbə mübadiləsinin genişləndirilməsi məsələlərinin müzakirə edildiyini bildirib.
O deyib ki, hazırda təqaüd proqramı çərçivəsində hər iki tərəfdən tələbə mübadiləsinin genişləndirilməsi istiqamətində işlər görülür. Tələbə mübadiləsi nəticəsində Misirdə və Azərbaycanda yüzədək tələbə təhsil alır. Bu günədək Azərbaycanın bir sıra ali məktəblərində onlarla misirli tələbə məzun olub.
Səfər çərçivəsində Azərbaycanın bir sıra ali məktəblərinin rektorları ilə görüşdüyünü bildirən qonaq bu tanışlıqdan məmnunluğunu ifadə edib. Bu sahədə əlaqələrin daha da inkişaf etdirilməsinə dəstək verəcəyini söyləyib. Qeyd edilib ki, görüşlərdə elmi-tədqiqat işlərinin daha da genişləndirilməsi, tələbə-müəllim mübadiləsi, birgə konfransların keçirilməsi məsələləri müzakirə olunub.
Azərbaycan ilə Misir arasında bir sıra sahələrdə oxşar cəhətlərin olduğunu söyləyən qonaq hələ ötən əsrin 60-cı illərindən azərbaycanlı akademik Ağamusa Axundov tərəfindən Misirin Ayn-Şəms Universitetində Azərbaycan dilinin tədris olunduğunu xatırladıb. Qeyd edilib ki, hazırda Misirin Ayn-Şəms və Qahirə universitetlərində Azərbaycan dili uğurla tədris olunur. Bu, ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına gözəl töhfədir.
Ölkələrimiz arasında dostluq əlaqələrinin qədim tarixi köklərə malik olduğunu deyən Mohamed Hossam əl-Din əl-Sayed əl-Malehi hazırda bu münasibətlərin yüksələn xətlə inkişaf etdiyini söyləyib. Bildirilib ki, ulu öndər Heydər Əliyevin Misir-Azərbaycan dostluq parkında ucaldılmış abidəsi Misir xalqının Ümummilli Liderin xatirəsinə böyük ehtiramının göstəricisidir. Misirin Əl-Obur şəhərində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adını daşıyan eksperimental dillər məktəbi tədrisin keyfiyyətinə görə ölkənin aparıcı təhsil ocaqlarından biri hesab olunur. Ulu öndər Heydər Əliyevin 1994-cü ildə Misirə səfəri ölkələrimiz arasında ənənəvi dostluq əlaqələrinin möhkəmlənməsinə yeni təkan verib. İki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini söyləyən nazır müavini Prezident İlham Əliyevin Misirə rəsmi səfərlərini xatırladıb. Hələ ötən əsrin 60-cı illərində Misirin lideri Camal Əbdül Nasirin keçmiş SSRİ ölkələrindən yalnız Azərbaycana səfər etdiyini bildirib.
Hazırda müasir dünyada İslama qarşı bir sıra mənfi fikirlərin olduğunu söyləyən Mohamed Hossam əl-Din əl-Sayed əl-Malehi 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi İli” elan olunmasını müsbət addım kimi dəyərləndirib, bunu müsəlman ölkələrinin həmrəyliyinə dəyərli töhfə adlandırıb.